16:45 28-02-2014
news_image
489
DİGƏR NÖVLƏR

“Tour of Langkawi”də 2-ci mərhələ - FOTOSESSİYA

Malayziyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.HC kateqoriyalı çoxgünlük “Langkawi” turu davam edir. Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, bu gün keçirilən 2-ci mərhələdə iştirakçılar 132.5 km məsafə qət ediblər.
 

Yürüşdə iştirak edən “Synergy Baku” komandasının üzvlərindən ən yaxşı göstərici irlandiyalı Metyu Bremmierə məxsusdur – ilk mərhələdə 2-ci olan velosipedçimiz bu dəfə fotofinişə əsasən 8-ci yeri tutub. O mərhələ qalibi, Belçikanın “Belkin-Pro Cycling Team” komandasının hollandiyalı üzvü Teo Bosla eyni nəticəyə imza atıb – 3 saat, 11 dəqiqə, 11 saniyə.
 

Diqqət çəkən məqam komandamızın digər üzvləri Daniel Klemme, Patrik Leyn, Tural İsgəndərov, Elçin Əsədov və Maykl Şvayzerin də eyni nəticəyə imza atmalarıdır ki, onlar da fotofinişə əsasən sonrakı yerləri bölüşüblər.
 

2 məhlələdən sonra Metyu Bremmier dağ mərhələsində əldə etdiyi üstünlüyə görə qazandığı “qırmızı mayka”nı özündə saxlayır. Ümumi sıralanmada velosipedçimiz liderdən 24 saniyə geri qalmaqla 3-cü, sprinterlərin mübarizəsində isə 2-cidir. Elçin Əsədov ümumi sıralanmada 8-ci yerdə qərarlaşır.
 

Yeri gəlmişkən, 2-ci mərhələdə kifayət qədər inamlı çıxış edən Elçin və Tural dağ mərhələsində ilk xallarını qazanıblar.
 

Sabah keçiriləcək 3-cü mərhələdə iştirakçılar Kampardan Kuala-Lumpura qədər olan 166.5 km məsafəni qət etməlidirlər. Qeyd edək ki, yarışda 6 Dünya Turu, 5 Pro Kontinental, 7 Kontinental və 3 milli komanda mübarizə aparır. 10 gün davam edəcək yürüşə martın 7-də yekun vurulacaq.