17:40 01-03-2014
news_image
385
DİGƏR NÖVLƏR

“Synergy Baku”nın üzvü liderdir

Malayziyada Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.HC kateqoriyalı çoxgünlük “Langkawi” turu davam edir. Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən xəbərə görə, bu gün keçirilən 3-cü mərhələdə iştirakçılar Kampardan Kuala-Lumpura qədər olan 166.5 km məsafəni qət ediblər.

Yürüşdə iştirak edən “Synergy Baku” komandasının üzvlərindən ən yaxşı göstərici almaniyalı Daniel Klemmeyə məxsusdur – o mərhələ qalibi, Qazaxıstanın “Astana Pro Team” komandasının italiyalı üzvü Andrea Quardini ilə eyni göstəriciyə (3 saat, 40 dəqiqə, 38 saniyə) malik olsa da, fotofinişə əsasən 8-ci yerlə kifayətlənib.

Komandamızın digər velosipedçiləri - Azərbaycanın U-23 və Elit millisinin üzvləri Tural İsgəndərovla Elçin Əsədov, avstraliyalı Patrik Leyn, irlandiyalı Metyu Bremmier və digər almaniyalı Maykl Şvayzer də finişi eyni anda keçən pelotonun içərisində olublar. Bu nəticə “Synergy Baku”nun 3 mərhələdən sonra komanda hesabında 2-ci olması ilə yadda qalıb.

3 mərhələdən sonra ümumi sıralanmada velosipedçilərimiz arasında ən yaxşı göstərici Metyu Bremmierə məxsusdur – o liderə 19 saniyə uduzmaqla 2-ci yerdədir. Amma Bremmier 3-cü mərhələdə sprinterlər arasında göstəricisini bir xeyli yaxşılaşdırmaqla liderliyi və “mavi mayka”nı ələ keçirib.

Xatırladaq ki, Bremmier həm də dağ mərhələsində nümayiş etdirdiyi çıxışla “qırmızı mayka”nı da özündə saxlayır.

Sabah keçiriləcək 4-cü mərhələdə iştirakçılar 110.9 km məsafəni qət etməlidirlər. Yarışda 6 Dünya Turu, 5 Pro Kontinental, 7 Kontinental və 3 milli komanda mübarizə aparır. 10 gün davam edəcək yürüşə martın 7-də yekun vurulacaq.