07:45 04-03-2014
news_image

Keçmiş dünya çempionu dünyanın ən yaxşı boksçusuna qarşı

Boks üzrə keçmiş dünya çempionu, britaniyalı Əmir Xan 2013-cü ilin ən yaxşı boksçusu hesab edilən amerikalı Floyd Meyuezerə qarşı döyüşmək şansı qazanıb. Apasport.az saytının məlumatına görə, bunun üçün Xan mayın 3-də keçiriləcək boks gecəsi çərçivəsində digər amerikalı Edrina Bronerə qalib gəlməlidir. Gecənin ən maraqlı hadisəsi isə Meyuezerlə argentinalı Markos Maydan arasında döyüş olacaq.

 

Qeyd edək Ki, Meyuezer növbəti rəqibini müəyyən etmək üçün sosial şəbəkədə azarkeşlərinə müraciət edib. Onun azarkeşləri isə Əmir Xanı deyil, Markos Maydanı seçiblər. Buna baxmayaraq, Meyuezer söz verib ki, Əmir Xan Bronerə qalib gəlsə, onunla rinqdə görüşəcək.

 

27 yaşlı Əmir Xan professional rinqdə keçirdiyi 31 görüşdən 28-də qalib gəlib (onlardan 19 nokautla), 3 görüşdə uduzub. 30 yaşlı Markos Maydan da 3 görüşü uduzub. Əvəzində isə 35 görüşdə qalib gəlib (onlardan 31-i nokautla).

 

36 yaşlı Meyuezer isə keçirdiyi 45 görüşün hamısından qələbə ilə ayrılıb. O, 66,7 və 69,9 kiloqram çəki dərəcəsində WBC versiyası üzrə dünya çempionudur. Bundan əlavə, WBA versiyası üzrə 69,9 kiloqram çəki dərəcəsində “superçempion” tituluna malikdir. Meyuezer meksikalı Saul Alvareslə keçirdiyi son görüşə görə dünya boks tarixində rekord məbləğdə qonorar alıb – 41,5 milyon dollar.