00:00 05-03-2014
news_image
1314
DİGƏR NÖVLƏR

Apasport.az 7 yaşında

Bu gün Azərbaycan futbolu ilə yanaşı, apasport.az saytı üçün də əlamətdar gündür. Ölkəmizin milli komandası BƏƏ-nin Dubay şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində Filippin yığması ilə üz-üzə gələcək. Bu qarşılaşma ərəfəsində yaşananları, matçı və oyunsonrası yaşanacaqları anbaan işıqlandıracaq saytımız isə eyni zamanda ad gününü qeyd edəcək.

Martın 5-də - Bədən Tərbiyəsi və İdman Günündə 7 yaşı tamam olan “apasport”çular yenə bu mühüm tarixdə iş başında olacaq.

Azəri-Press Agentliyinin (APA) törəmə müəssisələrindən olan apasport.az Azərbaycanın ilk və yeganə idman agentliyi kimi, 2007-ci ildə fəaliyyətə başlayıb. Elə həmin il Gənclər və İdman Nazirliyi tərəfindən ölkənin ən yaxşı idman agentliyi seçilən apasport.az Azərbaycan və dünya idmanının bütün sahələrini əhatə edən operativ xəbərlər yaymaqla yanaşı, idman ictimaiyyətinin maraqlı simalarından eksklüziv müsahibələr hazırlayır, müxtəlif sahələrdəki problemlərlə bağlı araşdırmalar aparır.

Saytda önəmli turnirlərdən və maraqlı tədbirlərdən geniş yazılar, birbaşa reportajlar, video görüntülər, fotosessiyalar yerləşdirilir. Xeyli sayda abunəçisi olan apasport.az saytının gündə iki dəfə hazırladığı bülleten Azərbaycan və rus dillərində nazirliklərə, diplomatik korpuslara, idman qurumları və komandalarına, telekanallara, qəzetlərə və digər ünvanlara çatdırılır.

Bəli, biz daha bir yaş böyüdük. Qoy nə qədər böyüdüyümüzə dəyərli, sadiq oxucularımız qiymət versinlər. İdmanımızın uğurları, elə bizim də uğurlar deməkdir. Bunların sayının çox olmasını isə hər birimiz arzulayırıq.