12:45 05-03-2014
news_image
507
DİGƏR NÖVLƏR

Millimiz Avropa çempionatını medalsız və lisenziyasız başa vurdu

Rusiyanın paytaxtı Moskvada keçirilən 10 m məsafəyə atəş açma üzrə Avropa çempionatı Azərbaycan millisi üçün vaxtından əvvəl başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışa 8 snayperlə qatılan güllə atıcılığı üzrə yığmamız vətənə yenə medalsız qayıdacaq.

 

Belə ki, yalnız pnevmatik tapançadan atəş açma yarışlarında iştirak edən komandamızın heyətində ən yaxşı nəticəni Ruslan Lunyov göstərib. Təmsilçimiz 579 xalla 9-cu yeri tutub. Ondan 3 xal az toplayan Rəsul Məmmədov 15-ci pillə ilə kifayətlənib. Millimizin ən təcrübəli üzvlərindən İradə Aşumova isə 31-ci (374) yerdə qərarlaşıb.

 

Gənclərin mübarizəsində Nərminə Səmədovanın ardınca Urfan Axundov da Çinin Nankin şəhərində keçiriləcək Yeniyetmələrin Yay Olimpiya Oyunlarına vəsiqə qazana bilməyib. O, 550 xalla 52-ci olub. Axundov yeniyetmələrin yarışını isə 29-cu yerdə başa vurub. Onunla bərabər, ən aşağı yaş qrupunda hədəf önünə keçən Elvin Astanov da özünü doğrultmayıb – 43-cü yer (555).

 

Yeniyetmələrin mübarizəsində, həmçinin Nərmin Abbaslı və Leyla Mirzəzadə də dəqiqliyini yoxlamalı olsa da, onların adları qeyri-müəyyən səbəbdən yarışın protokolunda yer almayıb.

 

Qeyd edək ki, çempionat bu gün bitəcək.