16:10 07-03-2014
news_image

Jaba Xositaşvili yığmamızda debütünü qələbə ilə başa vurdu

Şağan Olimpiya İdman Kompleksində boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turnirinə start verilib. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda 9 ölkənin 113 idmançısı qələbə uğrunda mübarizə aparır.

 

Turnirin ilk günündə 52, 56, 60, 64, 69, 75, 81 və 91 kq çəki dərəcələrində görüşlər keçirilib. Son ölkə çempionatının bürünc mükafatçısı Fərid Ağamoğlanov (56 kq) ilk döyüşdə Türkmənistan idmançısı Yakub Meridovu məğlub edib. Azərbaycan çempionatının gümüş mükafatçısı Nəsrəddin Məmmədov (60 kq) da yarışa qələbə ilə başlayıb. Boksçumuz litvalı Edqaras Skurdelisi mübarizədən kənarlaşdırıb.

 

64 kq çəki dərəcəsində ölkə çempionatının qalibi Lorenzo Sotomayor ilk görüşdə Türkmənistan nümayəndəsi Aziz Bebitovu üstələyib. Milli komandamızın üzvlərindən Tamerlan Abdullayev də (69 kq) növbəti mərhələyə vəsiqə əldə edib. Həmyerlimiz gərgin mübarizədə Qazaxıstan boksçusu Əzəmət Dosmoqombetov üzərində qələbə qazanıb.

 

81 kq çəki dərəcəsində “Baku Fires” klubunun üzvü Jaba Xositaşvili Azərbaycan bayrağı altında ilk yarışda debüt edib. O, Litva nümayəndəsi Vladimir Milevskini məğlubiyyətə uğradıb. Dünya və Avropa çempionatlarının iştirakçısı Rauf Rəhimov yarışa asan qələbə ilə başlayıb.

 

Milli komandamızın üzvü digər boksçumuz İlkin Əliyevi yarışdan kənarlaşdırıb. 81 kq çəki dərəcəsində London Olimpiadasının iştirakçısı Vətən Hüseynli ilə Elvin Qəmbərovun da döyüşü maraqla gözlənilirdi. Qəmbərov daha təcrübəli rəqibi məğlub edib.

 

Gənclər arasında dünya çempionu rusiyalı Hüseyn Baysanqurov (64 kq), Qazaxıstan çempionu Sadaqat Raxmankulov (69 kq), gənclər arasında 2 qat Avropa çempionu İqor Xaritonov (Rusiya), Asiya çempionu Oljas Sattibayev (Qazaxıstan) ilk döyüşlərini qələbə ilə başa vurublar.