22:19 19-03-2014
news_image
664
DİGƏR NÖVLƏR

İWF-dən “APA Holding”in sorğusu ilə bağlı açıqlama - RƏSMİ

 

 

Ümumdünya Ağırlıqqaldırma Federasiyası dopinq-testdən keçə bilməyən Azərbaycan ağırlıqqaldıranları ilə bağlı rəsmi bəyanat yayıb.  Apasport.az saytının məlumatına görə, bəyanat “APA Holding”ə daxil olan Lent.az İnformasiya Agentliyinin sorğusu əsasında yayılıb. 

 

Rəsmi açıqlamada İWF-nin dopinqlə genişmiqyaslı və intensiv mübarizə məqsədilə yarış vaxtı və yarışdankənar yoxlamalar apardığı bildirilir. Qeyd olunur ki, 2013-cü ildə antidopinq qaydalarının pozulmasına dair bir neçə hal üzə çıxıb. İWF hər bir hala hərtərəfli, WADA-nın (Ümumdünya Antidopinq Agentliyi), özünün və idmançıların hüquqları çərçivəsində yanaşıb. Sənəddə Azərbaycanın bir neçə ağırlıqqaldıranının 2013-cü il Avropa çempionatında, sonradan isə müsabiqədənkənar yoxlamalar nəticəsində dopinq-testlərinin müsbət nəticələr verdiyi vurğulanıb. Bununla da ötən il keçirilmiş bütün çempionatların nəticələri dəyişdirilib. İdmançılara və Azərbaycan Ağır Atletika Federasiyasına (AAAF) İWF-nin antidopinq siyasətində nəzərdə tutulan sanksiyalara uyğun cəzalar kəsilib. O da bildirilib ki, hazırda ağırlıqqaldıranlarımıza qarşı antidopinq qaydalarının pozulmasına dair müvafiq prosedurlar bağlanılıb.

Rəsmi açıqlamada daha sonra deyilir: “AAAF ən fəal federasiyalardan biri olaraq, Ağır Atletika Akademiyası və müxtəlif aparıcı yarışlara ev sahibliyi edir. Onlar ötən il baş verənlərdən nəticə çıxarmalı, yeni səhifə açmalı, təzə və təmiz milli komanda formalaşdırmalıdırlar. İWF bütün atletlərin diqqətinə çatdırır ki, neytral Antidopinq Komissiyasının rəhbərliyi və nəzarəti altında dopinq-testlər daha mürəkkəb və effektli, tədricən tətbiq edilən parport steroidi ilə yoxlama isə əvvəlkindən daha güclü olub”.

Onu da əlavə edək ki, gün ərzində Lent.az-ın əməkdaşının bir neçə sorğusuna cavab olaraq, İWF rəsmi açıqlama yayacağını bildirib və iş gününün sonunda bəyanatı saytında yerləşdirib.

Qeyd edək ki, bəyanatda dopinq-testdən keçə bilməyən Azərbaycan ağırlıqqaldıranlarının adları açıqlanmır. Amma Valentin Xristov, İntiqam Zairov, Zülfüqar Süleymanov, Sərdar Həsənov və Silviya Angelovanın ötən il əldə etdiyi bütün nəticələr ləğv olunub.