17:54 22-03-2014
news_image
1463
DÖYÜŞ NÖVLƏRİ

Bu gün medal olmadı - YENİLƏNİB

Gürcüstanın paytaxtı Tiflisdə cüdo üzrə Qran-pri turniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə 3 medal qazanan Azərbaycan millisi bu günü mükafatsız başa vurub. Tatamiyə çıxan 5 cüdoçumuzdan yalnız Məhəmmədəli Mehdiyev bürünc medalın 1 addımlığında büdrəyib.
 

Kişilər

73 kq

Orxan Dünyamalıyevin debütü uğurlu alınmayıb. Mübarizəyə 1/8 finaldan başlayan həmyerlimiz ilk görüşdəcə ukraynalı Sergey Drebota uduzub.

Bu çəkidə digər təmsilçimiz Rüstəm Orucov ilk görüşündə Fridon Qiqani (Gürcüstan) ilə üz-üzə gəlib. Döyüş həmyerlimizin qələbəsi ilə başa çatıb.


Orucov yarımfinala gedən yolda rusiyalı Musa Moquşkovla gücünü yoxlayıb. Gərgin keçən görüşdə təcrübəli rəqib mərhələ adlayıb.

Rüstəm uduzmasına baxmayaraq, təsəlliverici görüşlərə qatılıb. Amma Zebeda Rexviaşvili (Gürcüstan) ilə üz-üzə gələn həmyerlimiz yenə məğlub olub və “bürünc” arzusunu da dəfn edərək, 7-ci yeri tutub.
 

81 kq

Yığmamızın əsas üzvlərindən olan Tural Səfquliyev yarışa 1/8 final mərhələsindən qatılıb. İdmançımız ilk qarşılaşmasında Vadim Boçanla (BƏƏ) güləşib. Səfquliyev rəqibinə heç bir şans verməyərək, ipponla mərhələ adlayıb.

 

Onun 1/4 finalda rəqibi iranlı Əmir Xaşemi olub. İlk qarşılaşmasındakı uğurunu təkrarlaya bilməyən idmançımız məğlubiyyətə üzlülüb.

Təsəlliverici görüş də Tural üçün istədiyi kimi alınmayıb. Həmyerlimiz Uşanqi Marqiani (Gürcüstan) qarşısında aciz qalaraq, 7-ci yerlə kifayətlənib.
 

Səfquliyev kimi Məmmədəli Mehdiyev də birinci görüşünü qələbə ilə yekunlaşdırıb. Cüdoçumuz ukraynalı Vitali Dudçiki mübarizədən kənarlaşdırıb.

 

O, 1/4 finalda rusiyalı Stanislav Semenovla qüvvəsini sınayıb və görüşün başa çatmasına 4 saniyə qalmış rəqibini ippona salıb.

Təmsilçimiz yarımfinalda Travis Stevensi tatamiyə dəvət edib. Qarşılaşma amerikalı cüdoçunun qələbəsi ilə yekunlaşıb. Mehdiyev üçüncü yer uğrunda görüşdə Səfquliyevi mübarizədən kənarlaşdıran Marqiani ilə güləşib. Təəssüf ki, Məhəmmədəli də gürcüstanlı cüdoçu ilə bacarmayıb və yarışı 5-ci yerdə bitirib.

Qadınlar

63 kq

Bu çəkidə yeganə təmsilçimiz Xanım Hüseynova birinci görüşünü ev sahibi Nino Martiaşviliyə qarşı keçirib. İdmançımız ona qalib gəldikdən sonra rusiyalı Pəri Surakatovaya ilə gücünü yoxlayıb.

 

Hüseynova rəqibi qarşısında cəmi 35 saniyəyə tab gətirə bilib və ipponla uduzub.

 

Qeyd edək ki, Qran-prinin ilk günündə Orxan Səfərov (60 kq),  Nicat Şixəlizadə (66 kq) qızıl, Kifayət Qasımova (57 kq) bürünc medal qazanıb. Sabah isə mübarizəyə Sain Məmmədov, Ramin Qurbanov (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq) və Vaxtanqi Batıyev (+ 100 kq) qoşulacaq.