19:24 22-03-2014
news_image

İtaliyalılar Azərbaycana gətirəcəkləri heyəti açıqladı

Martın 29-da saat 19:00-da Quba Olimpiya İdman Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) 1/4 final mərhələsinin ilk görüşü keçiriləcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycanın “Baku Fires” klubu İtaliyanın “Dolce Gabbana İtalia Thunder” komandasını qəbul edəcək.

 

Artıq klubların heyəti açıqlanıb. Qonaq komandanın heyətində heç şübhəsiz ki, ən tanınmış sima Klemente Russodur. 31 yaşlı boksçu dəfələrlə müxtəlif yarışlarda milli komandamızın üzvü Teymur Məmmədovla qarşılaşıb. Bu dəfə isə onun rəqibi Azərbaycan çempionu Abdulqadir Abdullayev olacaq. 2 qat dünya çempionu, 2 dəfə Olimpiya oyunlarının gümüş mükafatını qazanmış italiyalı boksçu artıq karyerasının son illərini yaşayır. Ancaq Russo bu mövsüm üç döyüşün ikisində qalib gəlib. O, yalnız Belarus idmançısı Sergey Karneyevə uduzub.

 

Xaybula Musalovla Boqdan Juratoninin də döyüşü maraq doğurur. Rumıniyalı boksçu 2011-ci ildə Bakıda keçirilən dünya çempionatının bürünc mükafatçısı olub. Juratoni ötən il Minskdəki qitə çempionatında isə yalnız finalda uduzub. Cari mövsümdə WSB liqasında yalnız bir görüş keçirmiş Musalov rəqibi məğlub edə biləcək gücdədir.

 

56 kq çəki dərəcəsində döyüşəcək Xedafi Djelkhir də azərbaycanlı boks həvəskarlarına yaxşı tanışdır. O, 2008-ci ilin Pekin Olimpiadasında yarımfinalda Şahin İmranovla qarşılaşıb. Ancaq həmyerlimiz zədə aldığından döyüşü sonadək davam etdirə bilməyib. 30 yaşlı fransalı boksçu bir ara peşəkar rinqdə də özünü sınayıb. Hətta WBO versiyası üzrə İnterkontinental kəmərə də yiyələnib.

 

Filippinli Barriqa kimi Djelkhir də bu mövsüm hər 3 döyüşünü qələbə ilə başa vurub.

 

Komandaların heyətləri:

Baku Fires – İtalia Thunder

49 kq. Xamza Nametov – Mark Antoni Bariqqa

56 kq. Məhəmməd Qurbanov– Xedafi Djelkhir

64 kq. Heybətulla Hacəliyev– Renato de Donato

75 kq. Xaybula Musalov– Boqdan Juratoni

91 kq. Əbdülqədir Abdullayev – Klemente Russo

 

“Baku Fires”lə “İtalia Thunder” arasında cavab qarşılaşması aprelin 5-də keçiriləcək.

 

1/4 final mərhələsinin digər görüşlərində Almaniya komandası “Astana Arlans”ı, Rusiya “Ukraine Otamans”ı, USA Knockouts “Cuba Domaderos”u qəbul edəcək.

 

Qeyd edək ki, İtaliya təmsilçisi 26 xalla A qrupunu 1-ci yerdə başa vurub. “Baku Fires” isə 18 xalla B qrupunda 2-ci olub.