00:01 27-03-2014
news_image
611
DİGƏR NÖVLƏR

İdman “Oskar”ları təqdim edildi

 

Kuala-Lumpurda dünyanın ən yaxşı idmançılarının mükafatlandırılması – Laureus World Sports Awards mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, bu mükafatları çox zaman “İdman Oskarı” da adlandırırlar.

 

“İlin idmançısı” adını “Formula-1” yarışında “Red Bull” komandasının heyətində çıxış edən alman pilotu Sebastyan Fettel qazanıb. Artıq beşinci dəfədir nominant olan Fettel ancaq indi laureat olub. Qeyd edək ki, alman pilot 2013-cü ildə “Formula-1”də vaxtından əvvəl çempion olub.

 

Qadınlar arasında “İlin idmançısı” mükafatı 18 yaşlı amerikalı üzgüçü Missi Franklinə təqdim edilib. O, ötən il dünya çempionatında 6 qızıl medal qazanan ilk qadın üzgüçü olub.

 

Münhen “Bavariya”sı “İlin komandası” titulunu qazanıb. “Bavariya” ötən il Almaniya çempionatı və kubokunu, Çempionlar Liqası və dünya klub çempionatının qalibi olub. Bu il isə çempionatın bitməsinə 7 tur qalmış çempion titulunu qazanıb.

 

“İlin irəliləyişi” nominasiyasında gənc ispaniyalı motosikletçi Mark Markes qalib olub. “Honda”nın heyətində çıxış edən 20 yaşlı Markes “MotoGP”nin ən gənc çempionu olub.

 

İspaniya üçün daha bir “İdman Oskarı”nı tennisçi Rafael Nadal qazanıb. Hazırda dünya tennisçilərinin reytinqinə başçılıq edən Nadal “İlin qayıdışı” nominasiyasında qələbə qazanıb.