20:23 29-03-2014
news_image
2001
DÖYÜŞ NÖVLƏRİ

Qran-pri: Orucov finalda uduzdu - YENİLƏNİB

Türkiyənin Samsun şəhərində keçirilən Qran-pri turnirinin ikinci günündə Azərbaycan yığmasının daha 3 cüdoçusu mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, millimiz bu dəfə daha yaxşı çıxış etməklə, ilk medalını qazanıb.

Mübarizəyə 1/8 finaldan başlayan Rüstəm Orucov (73 kq) türkiyəli Bayram Ceylanla qarşılaşıb. Rəqibini 2 dəqiqə 57 saniyəyə ippona salan idmançımız növbəti mərhələyə yüksəlib. 1/4 finalda belçikalı Jan İv Bottyo ilə üz-üzə gələn Orucov bu dəfə qələbəni 2 dəqiqə 8 saniyəyə qazanıb.

Həmyerlimizin yarımfinaldakı rəqibi yenə türkiyəli idmançı olub. Bu dəfə Həsən Vanlıoğlu üzərində 2 dəqiqə 34 saniyəlik mübarizədən qalib ayrılan Rüstəm finala yüksəlib. Burada almaniyalı Kristofer Voelk olub. Bu qarşılaşmada uduzan Orucov Qran-prinin 2-cisi olub.

81 kq çəki dərəcəsində isə mübarizə aparan hər iki təmsilçimiz mübarizəni dayandırıb. 1/32 finalda Tanju Sorlı (Türkiyə) ilə qarşılaşan Əbdülhəqq Rəsullu rəqibini yuko ilə məğlub edib. 1/16 finalda çexiyalı Yaromir Musilə də qalib gələn cüdoçumuz rumıniyalı Valeriu Duminika ilə bacarmayıb. Rəsullu 1/8 finalda 1 dəqiqə 36 saniyəyə uduzub.

Digər idmançımız Rüstəm Alimli ilk görüşündə Əmir Nicat Xaşemi (İran) ilə üz-üzə gəlib və rəqibinə 2 yuko fəndi ilə yenilib.

Qeyd edək ki, sabah daha 5 həmyerlimiz mübarizə aparacaq. Yarışların sonuncu günü Ramin Qurbanovla Şahin Qəhrəmanov 90 kq, Elmar Qasımov 100 kq, Uşanqi Kokauri və Vaxtanqi Bitiyev +100 kq çəki dərəcəsində qüvvəsini sınayacaq.

Dünən isə tatami üzərinə çıxan 6 idmançımızdan heç biri fəxri kürsüyə qalxa bilməmişdi.