13:44 31-03-2014
news_image
495
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov ilk “onluğa” qayıtdı

Beynəlxalq Şahmat Federasiyası (FİDE) yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, aprel üçün tərtib olunan siyahının ilk “yüzlüy”ündə bu dəfə də 4 həmyerlimiz yer alıb.

 

Həmyerlilərimizdən yenə ən yüksək reytinqə yenə Şəhriyar Məmmədyarov malikdir.  Dünya şahmat tacına iddiaçıların turnirində 3-5-ci yerləri bölüşən qrossmeyster bu dəfə daha 3 rəqibini arxada qoymaqla, 10-cu yerə qalxıb. O, aktivinə 3 xal əlavə etməklə, reytinqini 2760-a çatdırıb.

 

Məmmədyarov kimi, Teymur Rəcəbov da irəliləyib. 27 yaşlı qrossmeyster 37-ci pilləni 33-cü yerə dəyişib - 2713 xal.

 

Rauf Məmmədov və Eltac Səfərli hərəyə 1 pillə geriləyib. Şahmatçılarımız müvafiq olaraq, 85-ci (2660) və 91-ci (2656) yerləri tuturlar.

 

Qeyd edək ki, ilk “üçlük”də dəyişiklik olub. Reytinq cədvəlinə yenə norveçli Maqnus Karlsenin (2881) başçılıq edir. Levon Aronyan (Ermənistan, 2812) ikinci olduğu cədvəldə iddiaçıların turnirinin qalibi Vişvanatan Anand (Hindistan, 2785) üçüncü yerə yüksəlib.