14:05 01-04-2014
news_image
3340
DÖYÜŞ NÖVLƏRİ

Avropa çempionatı: Toğrul Əsgərov hokkey hesabı ilə uduzub, medalsız qaldı

Bu gün Finlandiyanın Vantaa şəhərində güləş üzrə Avropa çempionatı start götürüb. Apasport.az saytının xəbərinə görə, qitə birinciliyi Azərbaycan millisi üçün uğursuz başlayıb. İlk gündə mübarizəyə qoşulan Olimpiya çempionumuz Toğrul Əsgərovun lazımı formadan çox uzaq olması ortaya çıxıb.


Belə ki, səfərə böyük ümidlərlə yollanan 22 yaşlı idmançı startdaca ciddi bir titulu olmayan bolqarıstanlı Borislav Novaçkova biabırçı hesabla uduzub. Düzdür, yeni – 65 kq çəki dərəcəsində qüvvəsini sınayan Əsgərov ilk hissəni 4:0 hesabı ilə öndə bitirib. Lakin yekunda nə az, nə çox - 8 xal fərqi ilə məğlub olub – 5:13.


Onun rəqibi Novaçkov isə finala kimi irəliləyə bilmədiyindən idmançımız təsəlliverici görüşlərə qatılmaq şansını da itirib.


Sərbəst güləşçimizin xalça üzərinə London Olimpiadasından 19 ay sonra qayıdışının belə alınacağı gözləniləndir. Çünki məşqlərdə az görünən Toğrul Azərbaycan çempionatına da qatılmamışdı.


Qeyd edək ki, Avropa çempionatının ilk günündə sərbəst və qadın güləşçilər yarışırlar.