19:00 01-04-2014
news_image
1564
DÖYÜŞ NÖVLƏRİ

İlk dünya çempionumuz: Hələ gecikiblər - MÜSAHİBƏ

Azərbaycan boks tarixində ilk dünya çempionu Ağası Məmmədovun apasport.az saytına müsahibəsi

 

- Karyeranızı bitirdikdən sonra sanki kölgəyə çəkilmisiz. Hazırda nə işlə məşğulsunuz?

- “Neftçi” İdman-Sağlamlıq Mərkəzində məşqçiyəm. Baş məşqçi isə Vüqar Ələkbərovdur. Komandada gənclər və böyüklərlə təcrübəmi bölürəm. Yetirmələrimizin çıxış etdikləri yarışlarda yaxşı nəticələr göstərdiyini deyə bilərəm. Onlardan milliyə dəvət alanlar var. Həmçinin, bir neçə gənc boksçumuz yığma ilə dünya çempionatına da qatılacaq. Onlar mundialda Nanjinq-2014-ə lisenziya almağa namizədlərdir.

 

- Bir vaxtlar öz çəkisində yığmanın əsas siması olan Ağası Məmmədov hazırkı millimiz, bu idmanla məşğul olan gənclər barədə nə deyə bilər?

- Hər şey göz qabağındadır. Ötən il Almatıda keçirilən dünya çempionatında tarixi uğur əldə etdik. 2 qızıl və 1 gümüş medalla rekord vurduq. Bu da millimizin gücünün göstəricisidir. Azərbaycanda bütün idman növləri kimi boks da yüksələn xətlə inkişafdadır. Diqqət, qayğı yüksəkdir. Gözəl yerlərdə təlim-məşq toplanışı keçirlər.

 

- Dünya çempionatında rekorddan danışdız. Amma 2011-ci ilə kimi mundialda himnimizi səsləndirən yeganə idmançımız idiz. Məhəmmədrəsul Məcidov həmin ildə və 2 il sonra analoji yarışın ən yüksək pilləsinə qalxmaqla sizi qabaqladı...

- Bu, olmalı idi. Hələ gecikiblər. Çünki birinci qızıl medalımız 2003-cü ildə, ikincisi 2011-ci ildə gəldi. Ardınca da 2 çempionluq və 1 ikincilik qazandıq. Bu, məni çox sevindirir. Həmişə belə uğurların arzusunda olmuşuq. Çünki idmançı olanda belə yarışa gedəndə baxırdıq ki, bu idmançı filan ölkənin dünya çempionudur, adını hamı əzbər bilirdi. Həmçinin, həmin boksçuya görə ölkəsinin bayrağını tanıyırdıq, himnini dinləyirdik. Bizim vaxtımızda xaricdə və ya televiziyada gördüklərimizi vətəndə görürük. Əlbəttə, bu amil bizi çox sevindirir.

 

- Karyeranı vaxtından əvvəl başa vurduğunuz üçün heç təəssüflənmirsiniz? Çünki ən azı Məcidov kimi 2 qat dünya çempionu olmaq şansınız vardı.

- Belə qismət oldu.

 

- Sizinlə bərabər şəxsi məşqçiniz Vaqif Kazımovdan da səs-soraq yoxdur. O, hazırda nə işlə məşğuldur?

- Hazırda işsizdir. Müəllimimlə birgə boks məktəbi açmaq istəyirik. Öncə zal axtarırdıq, artıq bunu tapmışıq. Sadəcə, icazəsini almaq lazımdır. Bunu həyata keçirə bilsək, Kazımovla birgə çalışardıq.

 

- Əvvəlki illərlə müqayisədə AİBA bir sıra yeniliklərə imza atıb. WSB liqası, Peşəkar Boks yarışı təşkil olunur, burada Olimpiadaya lisenziyalar verilir. Peşəkar və həvəskar boksun demək artıq bir-birinə yaxınlaşmasına necə baxırsız?

- Bu, yaxşı haldır. Xüsusilə, pul qazanmaq baxımından. Məsələn, əvvəl biz hansısa turnirə gedib, qalib gəlirdik, yekunda bir diplom verirdilər. İndi isə idmançılar həvəskar boksla müqayisədə yalnız maykalarını çıxarıb döyüşürlər və bunun müqabilində qazanc əldə edirlər. Bu, 1995-1996-ci illərdə və daha sonra Almaniyada da olub. Burada yerli federasiya Boks Bundesliqası yaratmışdı. Onlar xarici ölkələrdən burada mübarizə aparan 7-8 kluba idmançı gətirərək, həmin boksçuları bir-biri ilə döyüşürdülər. Bu rinqə çıxan idmançıların pul qazanması ilə yanaşı, formada qalmasına da öz faydasını verirdi.

 

- Afina-2004 ərəfəsində Azərbaycan boks millisi çox güclü idi. Siz həmin vaxt Olimpiadaya 9 lisenziya qazanmışdız. O vaxtkı və hazırkı yığmanı necə müqayisə edərdiz?

- Hər şey dəyişir, inkişaf gedir. Artıq bizim zaman tarixdə qalıb, yaddaşlara köçüb. Məsələn, həmin dövrdə çox yerdə boks deyəndə Əli İsmayılovun adını çəkirdilər. Fikrimcə, hər 2 yığma güclü hesab olunmalıdır. Hazırkı komandamız dünyada 2-3-cü yerləri bölüşür, lider olmaq üçün çalışır. Əvvəlki millimiz isə 5-6-ci yerlərdə qərar tuturdu. Əvvəl çətin idi, indi tam fərqlidir. Biz 10 il əvvəli müqayisə etdik. Görün 20 il öncəyə nəzər yetirsək hansı vəziyyətin şahidi olarıq? 90-cı illərdə ölkədən xaricə gedə bilmirdik, sponsor axtarırdıq, son ana kimi yarışa gedib-getməyəcəyimiz dəqiq olmurdu.

 

- Siz elə həmin vaxt maliyyə problemi ucbatından Türkiyə millisinin heyətində çıxış etdiniz...

- Bəli. İndi hər şey yüksək səviyyədədir. Bu gün idmançı Azərbaycan çempionu olur, federasiyadan, klubdan yüksək maaş alır. Diqqətdə saxlanılır. Yarış zamanı əla otellərdə qalırlar, əla qidalanırlar. Zalda soyuq dəymir, yuyunmağa isti suları var və s.

 

- Bəs bir sıra uğurlar qazandırdığınız Türkiyə millisindən və ya klublarından hansısa təkliflər almısızmı?

- Oradakı tanıdıqlarımla tez-tez görüşürəm. Yarışlarda məni soruşurlar, salam göndərirlər. Türkiyə Boks Federasiyasının prezidenti də bu yaxınlarda ölkəmizə gəlmişdi. Mənə “sən bizim qardaşımız, balamız, yavrumuzsan. Bunun üçün hər zaman qapılarımız üzünə açıqdır” dedi. Türkiyədə yeni qanun da qüvvəyə minib. “Ay-ulduzlu” formada Avropa, dünya çempionatların, o cümlədən Olimpiya Oyunlarında nəticə verən idmançılara 40 yaşından sonra ömürlük maaş verirlər. Mən də bu ölkənin adından Avropa çempionluğunu, dünya ikinciliyini, Qara Dəniz Oyunlarını qazanmışam. Bu qanun mənə də həvalə olacaq. Özləri də bu bərədə məlumat veriblər.