14:02 03-04-2014
news_image
1779
DÖYÜŞ NÖVLƏRİ

Elnur Məmmədli: Olimpiya çempionuyam, “07” sürəsi deyiləm ki...

2008-ci il Pekin Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış Azərbaycan cüdoçusu Elnur Məmmədli avtomobili ilə çəkdirdiyi şəkildən danışıb. Hazırda Azərbaycan Cüdo Federasiyasında (ACF) vitse-prezident postunda çalışan E. Məmmədli bununla bağlıLent.az-a eksklüziv açıqlama verib.

 

O, “Porsche” markalı avtomobilinə 200 min manat, “10 EM 010” nömrəsini almaq üçün isə 20 min manat ödədiyi barədə iddiaları təkzib edib. Olimpiya çempionu bildirib ki, 6 il öncə olimpiya çempionu olduqdan sonra ACF rəhbərliyi ona “BMW 745” hədiyyə edib. Həmin avtomobil elə özünün istəyi ilə alınıb. Amma köhnəldiyi üçün “Porsche” ilə dəyişməli olub: “Olimpiadaya yollanmamışdan öncə federasiya prezidentimiz Füzuli Ələkbərov mənə söz vermişdi ki, qızıl medalla qayıdacağım təqdirdə, belə bir avtomobil hədiyyə edəcək. Mən çempion oldum, Füzuli müəllim də sözünün üstündə durdu. O maşını bir müddət sürdüm, köhnəldi və “Porsche” ilə dəyişdim”.

 

E. Məmmədli yeni avtomobilinin qiymətini də açıqlayıb: “Maşınım heç də 200 minlik deyil, ucuzdur. Qiymətlərdən xəbəri olan bilir ki, bu qədər qiyməti yoxdur. Yoxlaya da bilərlər. Bəli, avtomobil özümündür, amma qiyməti 70 – 80 min dollardır. Olimpiya çempionuyam, “07” sürəsi deyiləm ki... Şükür Allaha, imkanımız, gücümüz çatır ki, o maşını alıram, sürürəm. Qonaqlarım gəlir, bunları da nəzərə almaq lazımdır”.   

 

Nömrəyə gəldikdə, olimpiya çempionu bildirib ki, “10 EM 010”u ona çalışdığı polis orqanlarının rəhbərliyindən hədiyyə ediblər: “Buna görə heç kimə heç nə verməmişəm. Qiymətindən də xəbərim yoxdur. Çünki indiyədək nömrə almamışam. Guya nömrəyə 20 min manat pul xərclədiyimi deyirlər. Bunların hamısı yalan söhbətlərdir”.

 

E. Məmmədli cəmi 1 avtomobilinin olduğunu da vurğulayıb. O, qarajında bir neçə maşının olmasına dair xəbərləri təkzib edib: “Təki bu, gerçək olaydı. Yox, qardaş. 1 dənə maşınım var, o da “Porsche”dir. Adımı kompüterdə vurub baxanda da buna əmin ola bilərsiniz. 3-4 maşını neynirəm? Bu, köynək deyil ki, gündə birini geyinim. Özü də avtomobilimin motorunun həcmi elə də böyük deyil. Zəifdir, 3600 kubsantimetrlikdir. 5-lik motor deyil ki, bərk getsin”.