11:37 04-04-2014
news_image
922
DİGƏR NÖVLƏR

Bakı Olimpiya Stadionu 68 min tamaşaçı qəbul edəcək

Bakı Olimpiya Stadionunun tikintisinin ilin sonunadək başa çatdırılması planlaşdırılır. Apasport.az saytının məlumatına görə, bu barədə “Around the Ring”ə Avropa Olimpiya Komitəsinin (EOC) prezidenti Patrik Hikki açıqlama verib.

 

O bildirib ki, 2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları üçün inşa olunan arenanın sahəsi 496000 kvadratmetr, tamaşaçı tutumu isə 68000 nəfər olacaq: “Bu stadion əla formadadır, tikintisi ilə bağlı heç bir narahatlığımız yoxdur” deyən Hikki digər idman qurğularını da fantastik adlandırıb.

 

Bakı Olimpiya Stadionu Oyunların keçirilməsi üçün nəzərdə tutulan 20 idman qurğusundan biridir. EOC prezidentinin sözlərinə görə, Milli Gimnastika Arenası Bakı Su İdman Növləri Mərkəzi və digər layihələrlə bağlı vəziyyət də qaydasındadır: “Avropa Oyunları üçün hazırlanan idman qurğuları gələcəkdə 2017-ci il İslam Həmrəyliyi Oyunları və Yay Olimpiya Oyunları üçün də istifadə oluna bilər”.

 

Hikki 8 idman növünün 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına Avropa Oyunlarından lisenziya qazanacağını təsdiqləməsini də müsbət emosiya ilə qarşılayıb: “Biz bundan çox məmnunuq. İşə yeni başlayanda yalnız 12 növün Avropa Oyunlarında yer alacağını gözləyirdik və yuxumuza da girməzdi ki, Avropa Oyunlarında hər hansı növ üzrə yarış olimpiadaya lisenziya xarakteri daşıya bilər”.

 

EOC prezidenti ötən ilin oktyabrından indiyədək əldə edilən irəliləyişlərdən razılığını da ifadə edib: “İrəliləyiş inanılmazdır. Amma vaxt bizim tərəfimizdə deyil. Olimpiya Oyunlarında olduğu kimi hazırlıq üçün 7 il yox, 3 ildən də az vaxtımız var idi. Mən oktyabrdan indiyədək əldə olunan irəliləyişlərdən çox məmnunam”.

 

Qeyd edək ki, gələn il iyunun 12-dən 28-dək keçiriləcək I Avropa Oyunlarında 19 növ və 29 istiqamət üzrə 6076 idmançı mübarizə aparacaq. İstiqamətlərdən 24-ü olimpiya, 5-i qeyri-olimpiya təyinatlı olacaq. II Avropa Oyunlarının hansı şəhərdə baş tutacağı isə hələ məlum deyil. Patrik Hikki hazırda 3-4 şəhərlə bu istiqamətdə danışıqların davam etdirildiyini bildirib. Amma o, hələ heç bir ölkədən təklif almadıqlarını, yaxın həftələrdə qitənin milli olimpiya komitələrinə dəvət göndərəcəklərini açıqlayıb.