13:09 04-04-2014
news_image
1135
DÖYÜŞ NÖVLƏRİ

Elnur Məmmədli: Əsas gücümüzü federasiyaya qoymuşuq, polisdə də işləyirik - MÜSAHİBƏ

Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti, olimpiya çempionu Elnur Məmmədlinin Lent.az-a müsahibəsi

 

- Bu yaxınlarda Gürcüstanın paytaxtı Tiflisdə keçirilmiş Qran-Pridə iştirak etmisiniz. Cüdoçularımızın çıxışları barədə nə deyə bilərsiniz?

- Əla nailiyyət oldu. Xüsusən, Orxan Səfərov gözəl çıxış etdi. O, yarımfinalda rusiyalı olimpiya çempionu Arsen Qalstyana qalib gəldi. Eyni sözləri qızıl medal qazanmış daha bir cüdoçumuz Nicat Şıxəlizadə barədə də söyləmək olar. Elmar Qasımovla Kifayət Qasımova isə bürünc medala sahib oldular. Bundan başqa ötən həftəsonu Türkiyənin Samsun şəhərindəki Qran-Pridə 1 gümüş medal qazandıq. Yəni, 2 nüfuzlu yarışda 2 qızıl, 3 bürünc medal başlanğıc üçün böyük uğurdur. Bildiyiniz kimi, yığmamıza yeni baş məşqçi təyin olunub. Hacıağa Hacıəhmədovun gəlişindən sonra nailiyyətlərimiz hələ ki yaxşıdır.

 

- Federasiya rəsmisi kimi missiyanız nədən ibarət idi?

- Təbii ki, biz də bildiyimizi uşaqlara öyrədirik. ACF-nin vitse-prezidenti olsam da, bütün günü zallardayam. Özümdə olan gücü, qüvvəni, fəndləri göstərir, başa salıram. İstər Orxan Səfərov olsun, istər Nicat Şıxəlizadə, istərsə də Elxan Məmmədov... Onlar mənə bir olimpiya çempionu kimi qulaq asırlar.

 

- Əvvəlki baş məşqçi Peter Zayzenbaher millimizə nə verdi? Hazırkı uğurları onun işinin nəticəsi saymaq olar?

- Yox. Onda Elxan Məmmədov da dünya çempionu olanda deyərdi ki, Ağayar Axundzadənin, Hacıağa Hacıəhmədovun əməyi nəticəsində qızıl medal qazanıb. Zayzenbaher cəmi 1 il işlədi. Şıxəlizadə 2005-ci ildə dünya üçüncüsü, Məmmədov isə 2 olimpiada iştirakçısı, Avropa və dünya mükafatçısı, “Masters” turnirinin qalibi olub. Yəni, Zayzenbaherin böyük rolu olmadı. Düzdür, gəldi, məşqlər keçdi. Amma bizim uşaqların da, Ağayar və Hacıağa müəllimin də zəhməti olub. Peter gəlib heç nəyi dəyişdirmədi, ortalığa yeni uşaq çıxarmadı. Onadək yığma ilə Axundzadə və Hacıəhmədov işləyirdi. Sonradan da Zayzenbaher çalışdı. Bir ilə dünya çempionu yetişdirmək olmaz. Bunun üçün illər lazımdır. Məmmədov şəxsi məşqçisindən, Ağayar və Hacıağa müəllimdən öyrəndiklərini dünya çempionatında uğurla tətbiq etdi. Onu Peter dünya çempionu etmədi. Bunu normal qəbul etmək lazımdır. Elxan batmamışdı ki, Zayzenbaherin onu qaldırdığını deyək. Məmmədov pik formada idi, sadəcə, avstriyalı baş məşqçinin vaxtında dünya çempionu oldu.

 

- Siz Zayzenbaheri güclü mütəxəssis saymırsınız?

- Mən Peter haqda pis söz demək istəmirəm. O da yaxşı mütəxəssis idi. Amma Axundzadənin, Hacıəhmədovun da zəhmətlərini yerə vurmaq olmaz. Onların nəinki Elxan Məmmədov, həm də Elnur Məmmədli, Orxan Səfərov, Nicat Şıxəlizadə, Elmar Qasımov və digər cüdoçularımızın üzərində böyük zəhmətləri olmuşdu.

 

- Amma istənilən halda, bu, bir reallıqdır ki, Azərbaycan yığması cüdo növündə müstəqillik illərində yeganə dünya çempionluğunu məhz Zayzenbaherin rəhbərliyi altında qazanıb...

- Razıyam, Məmmədovun uğurunun qarşısına Zayzenbaherin adı yazıla bilər. Amma yazılmaqla deyil ki... Ötənilki dünya çempionatında Axundzadə ilə Hacıəhmədov yığmamızda yox idilər. Əsas odur ki, Məmmədov neçə illərdir cüdoda nailiyyətlərə imza atır. Dünya ikincisi, Avropa üçüncüsü olub. Bunları da nəzərə almaq lazımdır. Əgər Elxan yeni uşaq olsaydı və onu dünya çempionu etsəydilər, sizinlə tam razılaşa bilərdim. Amma onun əvvəllər də nailiyyətləri olmuşdu və üzərində Axundzadə ilə Hacıəhmədov, eləcə də şəxsi məşqçisi işləmişdi. Peter də gəldi və qismətdən onun vaxtında Elxan dünya çempionu oldu.

 

- Əsas iş yeriniz haradır: polis orqanları, yoxsa federasiya?

- Mənim iş yerim ACF-dir. Federasiyamızın ofisi Həzi Aslanov küçəsində yerləşir. Özüm federasiyada otururam. Yeniyetmələrlə, gənclərlə işləyirəm. Məşq zallarına gedirəm, gücümü cüdoçularımıza sərf edirəm. Bildiyiniz kimi, federasiyamızda ən gənc vitse-prezident mənəm. Həm də olimpiya çempionuyam. Bu yaxınlarda Türkiyənin Antalya şəhərinə yeniyetmələr arasında Dünya Kubokuna getmişdim. Gözəl nailiyyətlərimiz oldu. 8 medal qazandıq. Ötənilki ilə müqayisədə daha çox medal əldə etdik. Uşaqlar məni gördülər, daha yaxşı güləşdilər. Mənə baxır, həvəslənirdilər. Sanki əlavə güc gəlirdi. Güləşdilər, kişi kimi də vuruşdular.

 

Bəs polis orqanlarındakı işiniz?

- Əsas gücümüzü federasiyaya qoymuşuq. Polisdə də işləyirik...

 

- Sonuncu dəfə orada işə nə vaxt çıxmısınız?

- Oluram, tez-tez oluram. Polisdə də işləyirəm, burada da. Enerjimiz çoxdur, bizim üçün fərqi yoxdur.

 

- Demək, polis orqanlarında şərait yaradıblar ki, federasiyada da çalışa bilirsiniz?

- Bəli. Özüm polis kapitanıyam. Həmişəki işimdə çalışıram.