02:27 05-04-2014
news_image
505
DİGƏR NÖVLƏR

Şumaxer ayılmağa başlayıb!

 

“Formula-1” yarışları üzrə 7 dəfə dünya çempionu Mixael Şumaxerin meneceri Sabina Kim pilotun səhhəti ilə bağlı yeni bəyanat yayıb. Apasport.az saytının məlumatına görə, Kim alman pilotun ayılmağa başladığı və həyat əlamətləri göstərdiyini vurğulayıb.

 

Sabina Kim bildirib ki, Mixael Şumaxerin bərpa prosesi yaxşılığa doğru dəyişir: “O, ayılır və bəzi şeylərə reaksiya verir. Bu uzun və çətin mübarizə dövründə biz həkimlərlə bir yerdə onun yanında olmuşuq və əminliyimizi qorumaqda davam edirik. Biz hamıya dəstəyə görə minnətdarıq. Eyni zamanda, təfərrüata varmaq istəmədiyimizə görə bizi başa düşmələrini xahiş edirik. Bu, Şumaxerin və ailəsinin özəl həyatına müdaxilə etməmək, eləcə də həkimlərə sakit şəraitdə işləmək imkanı yaratmaq üçün vacibdir”.

 

Agentliklərin məlumatına görə, Şumaxer artıq aparat köməyi olmadan özü nəfəs alır, hərəkətləri isə göstərir ki, o, informasiyanı qəbul edir. Pilot vaxtaşırı özünə gəlir. Dostları və qohumları onun yatağının yanından əl çəkmirlər və daima onunla danışırlar.