16:43 05-04-2014
news_image
573
DİGƏR NÖVLƏR

Hayde Bruneder: Bakıda yeniliklər olacaq

Bu gün Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatı ilə bağlı brifinq təşkil olunub. Apasport.az saytının məlumatına görə, tədbirdən öncə AÇ-nin püşkü atılıb.

Daha sonra AÇ-nin Təşkilat Komitəsinin marketinq üzrə direktoru Səbri Gülmalıyev tərəfindən qitə birinciliyinin videoçarxı nümayiş etdirilib. Ardınca AÇ-nin yeni saytı olan baku2014.agf.az saytı tədbir iştirakçılarına təqdim olunub.

Brifinqdə Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov, baş katibi, eyni zamanda Avropa Gimnastika Federasiyasının (UEG) vitse-prezidenti Fərid Qayıbov, UEG-in bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Hayde Bruneder, millimizin baş məşqçisi Mariana Vasilyeva KİV nümayəndələrinin suallarını cavablandırıb.

Ancaq bundan öncə Altay Həsənov çıxış edib: “Milli Gimnastika Arenası Azərbaycan üçün əlamətdar bir məkandır. XXX dəfə keçiriləcək Avropa çempionatında qazandığımız müsbət nəticələrlə xalqımızı və ölkə rəhbərliyini sevindirmək istəyirik. Bu mötəbər turnirdə azarkeşlərimizin dəstəyinə ehtiyacımız var. Bilirik ki, onlar bizi yenə tək qoymayacaq. Bu yarış üçün çox sayda azarkeşlərin Bakıya gəlməsi gözlənilir. Həmişə olduğu kimi daha çox Rusiyadan tamaşaçı sayının olacağını ehtimal etmək mümkündür”.

Həsənovdan sonra Hayde Bruneder söz alıb: “Cümə günündən Bakıdayıq. AÇ-yə hazırlıq çox yüksək səviyyədə keçir. Gördüklərimizin hamısından razıyam. Hər şey əladır. Artıq çıxışların ardıcıllığını üçün püşkatma keçirilib. Bu yarışda yeniliklər də olacaq. Belə ki, yeniyetmələr əvvəllər 4 çıxış nümayiş etdirirdisə, bu dəfə bunun sayı 8 olacaq. Onların ən yaxşı 6-sı komanda hesabında qeydə alınıb hesablanacaq. Fərdi hərəkətlərdə Azərbaycanı 2 gimnast təmsil olunacaq. Qrup hərəkətlərində ilk “5-lik”də qərarlaşacaq komandalar Bakıda keçiriləcək Avropa Oyunları – 2015-ə vəsiqə qazanacaq. Ötən ilin nəticələrinə əsasən bu AÇ-də çıxış edəcək 20 ən yaxşı gimnast isə artıq həmin turnir üçün lisenziyanı özü üçün təmin edib. AÇ əvvəllər 2 dəfə Bakıda keçirilib və hər şey yüksək səviyyədə olub. İnanırıq ki, bu dəfə də hər şey əla olacaq. Milli Gimnastika Arenasına gəlincə, deyə bilərəm ki, çox gözəl kompleksdir. Memarlıq baxımından hər şey əla, yüksək səviyyədədir. Yarış və məşq üçün bütün şərait var. Bir sözlə, çox gözəl arenadır”.

Qeyd edək ki, qitənin ən nüfuzlu yarışı iyunun 13-15-də keçiriləcək. Püşkatmanın nəticəsinə əsasən ölkəmizin qrup hərəkətləri üzrə komandası xalçaya 9-cu çıxacaq.