17:35 05-04-2014
news_image
1311
DİGƏR NÖVLƏR

Mariana Vasilyeva azərbaycanca danışdı: Ümidləri doğrultmağa çalışacağıq

“Təlim-məşq toplanışı yüksək səviyyədə keçirilir. Gimnastlarımız hazırda yaxşı formadadır”. Apasport.az saytının məlumatına görə, bunu bədii gimnastika üzrə milli komandamızın baş məşqçisi Mariana Vasilyeva deyib.

İyunun 13-15-i aralığında Bakıda keçiriləcək XXX Avropa çempionatı ilə bağlı tədbir keçirilib. Tam təbii olaraq həmin tədbirdə millimizin çalışdırıcısı Marina Vasilyeva da iştirak edib. O, brifinqə yığışan jurnalistləri təəccübləndirməyi bacarıb.

Belə ki, Bolqarıstandan olan mütəxəssis çıxış nitqini bizim dildə edib: “Avropa çempionatında yeniyetmələrdə Jalə Piriyeva ilə Züleyxa İsmayılova, qrup hərəkətlərində Səbinə Abbasova, Diana Doman, Aynur Mustafayeva, Siyana Vasileva, Aleksandra Platonova, Aliyə Paşayeva, şəxsi yarışlarda isə Marina Durundanın çıxış edəcəyi dəqiqdir. Şəxsi yarışlarda iştirak edəcək 2-ci idmançının kim olacağı hələ bilinmir. Bunu 3 gimnast – Lalə Yusifova, Gülsüm Şəfizadə və Nülufər Niftalıyeva arasından seçəcəyik. Maraqlı mübarizə olacaq. Ümidləri doğrultmağa çalışacağıq”.

Tədbirdə söz alanlar içərisində Avropa Gimnastika İttifaqının vitse-prezidenti, eləcə də Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov da fikirlərini çatdırıb. Qayıbov yarışda favoritlərin adlarını açıqlayıb: “Şəxsi yarışlarda əsas mübarizə Rusiya, Belarus, Ukrayna və Azərbaycan gimnastları arasında gedəcək. Qrup hərəkətlərində isə bu komandalara İtaliyanın da qoşulacağına inanıram. İtaliya qrup hərəkətlərində medallar uğrunda mübarizə aparmağı bacaran komandadır. Eləcə də qrup hərəkətləri üzrə yeniyetmələrin yarışında bu ölkələrin medal qazanmaq şansları yüksəkdir”.

Qeyd edək ki, AÇ-də 33 ölkənin idmançıları iştirak edəcək. Ümumilikdə Bakıda 258 gimanst 9 medal dəsti uğrunda mübarizə aparacaq.