10:05 21-04-2014
news_image
554
DİGƏR NÖVLƏR

“Avropa Oyunları səviyyəsinə görə olimpiadalardan heç də geri qalmayacaq”

Mingəçevirdə Beynəlxalq “Prezident Kuboku-2014” reqatası keçirildi. Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, reqatada yerli idmançılarla yanaşı, Türkiyə və Gürcüstan idmançıları da mübarizə aparıblar. Yarışı Azərbaycan Milli Avarçəkmə Federasiyasının rəhbərliyi ilə yanaşı, gənclər və idman naziri Azad Rəhimov da izləyib. “Kür” Olimpiya Təlim-Tədris Mərkəzinin baş direktoru və AMAF-ın vitse-prezidenti Natiq Abbasov jurnalistlərə müsahibəsində 2015-ci il I Avropa Oyunlarında kayak və kanoe üzrə mübarizənin təşkil olunacağı mərkəzdə nəzərdə tutulan işlərdən və Oyunlara hazırlıqdan da danışıb.

 

- Öncə “Prezident kuboku” haqda fikirlərinizi bildirərdiniz...

- Bu reqata ənənəvi olaraq, 2008-ci ildən təşkil olunur. Hər il olduğu kimi, bu dəfə də yerli idmançılarla yanaşı, xarici ölkələrdən də turnirə qatılanlar var. Ötən illərdən fərqli, bu il Rusiya və Ukrayna yığmaları müəyyən səbəbləri görə “Prezident Kuboku”na qatıla bilmədilər. Ancaq Türkiyənin 12 nəfərdən ibarət gənclər yığması, Gürcüstandan isə 37 avarçəkən budəfəki reqatada qüvvəsini sınadı.

 

- Adətən bu turnir martda keçirilirdi. Ancaq bu dəfə 1 ay gec başladı. Buna nə səbəb oldu?

- Bildiyiniz kimi, 2015-ci il Avropa Oyunlarına hazırlıq mərhələsi başlayıb. Bununla əlaqədar federasiya rəhbərliyi bu dəfə turnirin apredə keçirilməsini münasib bildi. Bəlkə də belə daha yaxşı oldu. Çünki martdan fərqli, apreldə havalar daha xoş keçir.

 

- Avropa Oyunlarında kayak və kanoe növü üzrə yarışlar ilk dəfə olaraq Mingəçevirdə keçiriləcək. Mötəbər turnirə hazırlıq necə gedir?

- Təbii ki, yeniliklər olacaq. Artıq Avropa Oyunları ilə əlaqədar Əməliyyat Komitəsi yaradılıb. Bildiyiniz kimi, həmin komitədə yüksək səviyyəli beynəlxalq mütəxəssislər çalışır. Həmin mütəxəssislər Pekin-2008 və London-2012 Olimpiya Oyunlarının təşkilində iştirak ediblər. Onların rəhbərliyi ilə biz artıq hazırlıq mərhələsinə başlamışıq. Demək olar ki, hər gün həmin insanlarla təmasdayıq. Onlarla bir yerdə bütün təşkilati işlərdə məsləhətləşir, lazım olan tövsiyələri və tapşırıqları yerinə yetiririk.

 

- Avropa Oyunlarında komandaları, qonaqları qarşılamaq və yerləşdirmək problem yaratmayacaq ki? Nəzərə almaq lazımdır ki, yarışlar paytaxtdan kənarda keçirilir...

- İnfrastrukturda çox böyük dəyişikliklər olacaq. Azərbaycanın və Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən yarışların yüksək səviyyədə təşkili üçün lazımi vəsaitlər ayrılıb. Bununla yanaşı, işlərin yüksək səviyyədə qurulması üçün kənardan tanınmış mütəxəssislər də dəvət olunub. Bütün sahələri əhatə edən yeniliklər olacaq. Artıq Mingəçevir Olimpiya Şəhərciyinin tikintisinə start verilib. Gələn ilin yazına tikinti işlərninin yekunlaşması planlaşdırılır. Həmin şəhərcikdə eyni anda 600 idmançı və məşqçini yerləşdirmək mümkün olacaq. Təbii ki, bu işdə federasiya rəhbərliyi əlindən gələni edəcək ki, turnir yüksək səviyyədə keçirilsin. Sizi inandırıram ki, 2015-ci ildə ölkəmizdə təşkil ediləcək Avropa Oyunları səviyyəsinə görə Pekin və London olimpiadalarından heç də geri qalmayacaq. Hazırda kompleks bütün lazımi avadanlıqlarla təchiz olunmaq üzrədir. Qonaqlara burada yüksək şərait yaradılacaq.

 

- Gənclər və idman naziri Azad Rəhimovu yarışı izləyənlər arasında gördük...

- Nazirimiz İsmayıllıda vətəndaşlarla görüşürdü. Sonra oradan bizim tədbirimizə dəvət olundu. Azad müəllim həm turniri izləyir, həm də Avropa Oyunlarının təşkilatı məsələləri ilə yaxından tanış olur.

 

- Eşitdiyimizə görə avarçəkmə üzrə paralimpiya komandası yaradılıb. Bununla bağlı fikirlərinizi bilmək maraqlı olardı...

- Bəli, artıq bundan sonra avarçəkmə yarışlarında paralimpiyaçı idmançılarımız da olacaq. Azərbaycanda ilk dəfə olaraq akademik avarçəkmə və kayak üzrə komandamız fəaliyyət göstərəcək. Hazırda heyətdə 3 yerli idmançı var. Bununla bağlı komandaya güclü və tanınmış mütəxəssis Aleksandr Barabanov dəvət olunub. Həmin məşqçi vaxtilə AMAF-da və yığmada çalışıb. Sonra müəyyən səbəblərdən Rusiyaya yollanmışdı. Federasiya rəhbərliyi onu yenidən ölkəmizə dəvət etdi.

 

- Komandanın hansısa turnirdə iştirakı gözlənilir?

- Paralimpiya komandası yeni yaranıb. Bu komandanın yaradılması və idmançıların seçilməsi bir neçə ay davam etdi. Ona görə də, hazırda bütün diqqəti təlim-məşq toplanışlarına yönəltmişik. Yəqin ki, yaxın vaxtlarda hansı turnirdə iştirak edəcəyimiz bəlli olacaq.