12:28 21-04-2014
news_image
389
DİGƏR NÖVLƏR

Olimpiada öncəsi çempionluq - FOTO

Mingəçevirdəki “Kür” Olimpiya Təlim-Tədris Mərkəzində keçirilmiş akademik avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq “Prezident Kuboku-2014” reqatasının qalibləri müəyyənləşib. Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, yarışda Azərbaycan, Türkiyə və Gürcüstan müxtəlif yaş qrupları üzrə 150-dən çox idmançısı mübarizə aparıb. Əksər yürüşlərdə qalib adını ölkəmizin təmsilçiləri əldə ediblər.

Akademik avarçəkənlərin mübarizəsində diqqətlər daha çox 2014-cü il Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edəcək Boris Yotovun çıxışlarına yönəlib. 18 yaşlı təmsilçimizin 1 nəfərlik qayıqla (M1X) 2000 metr məsafəyə final yürüşündə kifayət qədər güclü rəqibləri olub. Amma o, finişə 7 dəqiqə 53 saniyəyə çataraq, 23 yaşadək avarçəkənlər arasında dünya çempionu və 2012-ci il London Yay Olimpiya Oyunlarında 5-ci yeri tutmuş Aleksandr Aleksandrovu 7 saniyə, eləcə də bir çox beynəlxalq reqatanın qalibi Cavid Əfəndiyevi 21 saniyə, Gürcüstan təmsilçisi Arçil Bayaşvilini isə 42 saniyə qabaqlayıb. Bununla da Yotov birinci yeri tutaraq, olimpiada öncəsi ilk sınağından üzüağ çıxıb.

Kanoeçilərin mübarizəsində 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenkonun zədə üzündən yoxluğunda diqqətlər London olimpiadasının finalçısı Sergey Bezuqlıya yönəlib. Bezuqlıy 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə finişə 41,22 saniyəyə çataraq, qalib olub. O, ən yaxın izləyicisi Aleksey Kupini 0,50 saniyə qabaqlayıb. Nikolay Matviyçuk isə finişə 42,4 saniyəyə çataraq, üçüncü yeri tutub. Təcrübəli kanoeçimiz daha bir medalı 500 metr məsafəyə yürüşdə əldə edib. O, həmin məsafəni 2 dəqiqə 7 saniyəyə qət edərək, üçüncü yeri tutub. Aleksey Kupin 2 dəqiqə 5 saniyə nəticə ilə birinci, Nikolay Matviyçuk 2 dəqiqə 6 saniyə göstərici ilə ikinci olub.

Amma 1000 metr məsafəyə yürüşdə Bezuqlıy finişə 4 dəqiqə 37 saniyəyə çataraq, 4-cü yeri tutub. Qalib adını 4 dəqiqə 15,33 saniyə nəticə ilə Tarak Matviyçuk qazanıb. Onun qardaşı Nikolay Matviyçuk cəmi 0,55 saniyə geri qalaraq, ikinci olub. Üçüncü yeri isə 4 dəqiqə 24 saniyə göstərici ilə Aleksey Kupin tutub.

Kayakçıların mübarizəsinə isə Mirnazim Cavadov zədə üzündən qatılmayıb. 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşdə Aleksandr Piçugin 1 dəqiqə 54 saniyə nəticə ilə qalib olub. Türkiyəli Safa Köşe (1:57.57) ikinci, Tamerlan Mustafayev (1:57.98) üçüncü olub. Mustafayev 200 metr məsafəyə yürüşdə isə finişə 38 saniyəyə çataraq, qalib adını qazanıb. Amil Hüseynli (39,34) ikinci, gürcüstanlı Badri Kavelaşvili (39,67) üçüncü olub.