17:59 21-04-2014
news_image
439
DİGƏR NÖVLƏR

“Bakıdakı Avropa Oyunlarına vəsiqələr qitə çempionatında veriləcək” - MÜSAHİBƏ

Kayak və kanoe üzrə milli komandamızın baş məşqçisi Aleksandr Kolıbelnikovun Azərbaycan milli Avarçəkmə Federasiyasının rəsmi saytına (www.amaf.az) müsahibə verib. Apasport.az saytının məlumatına görə, mütəxəssis qarşıdakı yarışlar haqda fikirlərinki açıqlayıb.


- Beynəlxalq “Prezident Kuboku” reqatası millimiz üçün hansı əhəmiyyətə malikdir?
- Hər ilin yazında Mingəçevirdə ənənəvi “Prezident Kuboku” reqatası keçirilir. Burada biz idmançılarımızın noyabrdan indiyədək keçdikləri hazırlıq dövrünə nəzər salırıq. Onlar qiymətləndirildikdən sonra yığma komanda formalaşır. Bu komanda mayın 2-dən 4-dək İtaliyanın Milan şəhərində keçiriləcək Dünya Kubokunun I mərhələsində, mayın 16-dan 18-dək Çexiyanın Raçitse şəhərində baş tutacaq Dünya Kubokunun II mərhələsində çıxış edəcək. Ardından biz Belarusun Brest şəhərinə yollanaraq, həm 18 yaşadək, həm 23 yaşadək, həm də böyüklər arasında Avropa və çempionatlarına hazırlaşacağıq. Böyüklər arasında Avropa çempionatı 11 – 13 iyulda Almaniyanın Brandenburq əyalətində, dünya çempionatı 6 – 10 avqustda Rusiyanın paytaxtı Moskvada olacaq. Yeniyetmələr və 23 yaşadək kayak və kanoeçilər arasında Avropa çempionatı 26 – 29 iyunda Fransadakı Mant-en-İvelin əyalətində, dünya çempionatı 17 – 20 iyulda Macarıstanın Seqed şəhərində keçiriləcək.

- 2015-ci il Avropa Oyunlarında kayak və kanoe yarışları Mingəçevirdə təşkil olunacaq. Azərbaycan millisi Oyunlarda ev sahibi kimi tam komplektləşmiş heyətlə təmsil oluna biləcək?
- Komanda məhz Brandenburqdakı Avropa çempionatının nəticələrinə əsasən komplektləşəcək. Çempionatda hər qayıq növünə kvota qoyulacaq. Bu kvotanı yerinə yetirənlər Avropa Oyunlarına vəsiqə qazanacaqlar. Bizə ev sahibi kimi kişilərə 1 nəfərlik kayak və kanoe qayığı ilə 1000 metr, eləcə də qadınlara 1 nəfərlik kayak qayığı ilə 500 metr məsafəyə yürüşlərdə iştirak imkanı verilib. Qalan yerlər uğrunda isə biz mübarizə aparmalıyıq.

- Yerli kayak və kanoeçilərdən Avropa və dünya çempionatlarında iştirak etməyə hazır olanları var?
- Bəli, bir neçə perspektivli idmançımız var. Bunlar beynəlxalq “Prezident Kuboku” reqatasında da çıxış etdilər. 2 nəfərlik kayak və 1 nəfərlik kayak qayında yer alan idmançılarımızı xüsusi vurğulaya bilərəm. 1 nəfərlik qayıqdakı təmsilçimiz Mirnazim Cavadov zədədən sonra bərpa dövrünü keçir. Ümid edirik ki, o, Seqeddəki dünya çempionatınadək hazır olacaq.

- Zədəlilərdən söz düşmüşkən, kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko da zədəlidir. O, böyüklər arasında mötəbər çempionatlara hazır ola biləcək?
- Biz Demyanenkonun Avropa çempionatınadək bərpa olunacağına ümid edirik. Amma səhhətinin pisləşməsi ilə müşayiət olunan hər hansı dəyişiklik baş verməsə, o, dünya çempionatında mütləq mübarizə aparacaq. Qitə çempionatında iştirakına gəldikdə, baxarıq. Hərçənd, Bakıda keçiriləcək Avropa Oyunlarına vəsiqə qazanmaq üçün Brandenburqda onun 1 nəfərlik qayıqla 200 metr məsafəyə yürüşdə 14 ən yaxşı kanoeçi sırasına düşməsi lazımdır. Hazırda şəxsən mənim özümdə belə bir vəzifə formalaşıb ki, Demyanenko Avropa çempionatında iştirak etməsə, onun yerinə bir neçə ay ərzində ehtiyat qüvvə hazırlamaq lazımdır. Amma ümidvaram ki, o, çıxış edəcək və Avropa Oyunlarına lisenziya qazanacaq.

- Qış hazırlıq dövrünü necə keçirdiniz?
- Yeni İlədək olan hazırlıq dövrünü Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirdik. Sonra isə Bolqarıstanın yüksək dağlıq şəraitində yerləşən Belmeken idman bazasına yollandıq. Böyük problemimiz yoxdur.

- Əvvəllər “Prezident Kuboku” martın sonlarında keçirilirdi. İndi isə bu reqata 18 – 20 aprelə təsadüf edib. Səbəb nədir?
- Bu, onunla əlaqədardır ki, fevralda dağlardan enmişik. Toplanışdan qayıdandan cəmi 2 həftə sonra suda yarışlara başlamaq bir qədər düzgün deyil. İkincisi, “Prezident Kuboku”nu keçirdiyimiz son illər ərzində martda daim dəyişkən hava şəraiti hökm sürüb, normallaşmayıb, külək, yağış yarış iştirakçılarının əhval-ruhiyyəsinə təsir göstərib. İndi isə hər şey əladır, hamı məmnuniyyətlə mübarizə aparır. Hamı - qonaqlar və özümüz komfort situasiyadayıq. Fikrimcə, bu, müsbət anlardan biridir. Qalanları isə üçüncü məqamdır. Dünya Kubokunun mərhələ yarışları öncəsi qüvvəmizi sınayırıq. Halbuki martda bunu etmək çətindir.

- 2012-ci il London Yay Olimpiya Oyunlarından sonra Sergey Bezuqlıy 2 nəfərlik kanoe qayığında Maksim Prokopenko ilə birgə çıxış etmir. Prokopenkonun Azərbaycan millisinə qayıdışı mümkündürmü?
- O, qayıtmayacağını bildirib. Artıq builki və gələn il keçiriləcək yarışlar üçün Prokopenkonun adı sifariş olunmayıb. Bu kanoeçi yığmada iştirak üçün gücünü itirir. Artıq idmançı karyerasını da başa vurub və evindədir.