19:25 21-04-2014
news_image
502
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov: Mən şahmata gələndə Teymur artıq ulduz idi

Şəhriyar Məmmədyarov “Shamkir Chess 2014” turnirinin 2-ci turunda Teymur Rəcəbovla heç-heçədən sonra mətbuat konfransında suallara cavab verib. Apasport.az saytının məlumatına görə, Məmmədyarov rəqibinin onu təəccübləndirdiyini bildirib.

 

Şəhriyar qeyd edib ki, 6-7 yaşından oynamasına baxmayaraq, belə gediş görmətib: “Fikrimcə, bir neçə ay oynamayan Teymur Şəmkir turnirinə yaxşı hazırlaşıb və yeni taktikaları məşq edib. İstəməzdim ev tapşırığına düşüm. Karlsenə uduzandan sonra istəyirdim bir qədər daha yaxşı oynayım. Risk etmədim və heç-heçəylə başa çatdı.

Bir qədər yorğunluq var. İddiaçılar turnirindən sonra dərhal Şəmkirə hazırlaşdım. İddiaçılar da tam fərqli rəqiblər idi. Şahmat elədir ki, hər rəqibə saatlarla hazırlaşırsan. Bu, çox vaxt aparır, adam bəzən yorulur. Hərdən fikirləşirdim ki, gərək boksla məşğul olardım. Uzağı rinqə çıxanda gözümün altı qaralacaqdı. Şahmatda başımız işləyir və psixoloji zərbə alırıq".

Teymur Rəcəbovla görüşlərinin statistikasına gəlincə, Məmmədyarov hər ikisinin Azərbaycan yığmasından çıxış etdiyini yada saldı: "Biz uzun illərdir Azərbaycan yığmasının şərəfini qoruyuruq. Bizim üçün əsas milli komandadır. İnanın, Teymur və ya digər rəqib arasında seçməli olsam, mütləq digər rəqib üzərində qələbə qazanaram. Sözsüz ki, şahmatda rəqibik. Amma partiyadan sonra dostuq. Mən şahmata gələndə Teymur artıq ulduz idi. O, beynəlxalq usta olanda mənim heç reytinqim olmayıb".