06:11 22-04-2014
news_image

Kliçko daha 10 il boksda qalmaq istəyir

Ukraynalı boksçu Vladimir Kliçko daha 10 il idmanda qalmağı planlaşdırdığını bəyan edib. Apasport.az saytının məlumatına görə, boksçu hələlik rinqdə missiyasını başa çatdırmadığını bildirib.

 

Kliçko bir qədər əvvəl 38 yaşını qeyd etdiyini vurğulayıb: “Amma bu, sadəcə rəqəmdir. Təcrübəm, fiziki göstəricilərim, texnika və taktika mənə hələ yaxşı boksçu olaraq qalmağa imkan verir”.

 

Qeyd edək ki, Kliçko aprelin 26-da Almaniyanın Oberhauzen şəhərində avstraliyalı Aleks Leapai ilə görüşəcək. Döyüş ukraynalı boksçunun IBF (Beynəlxalq Boks Federasiyası), WBO (Ümumdünya Boks Təşkilatı) və WBA (Ümumdünya Boks Assosiasiyası) titulları uğrunda keçiriləcək.

 

Kliçko IBF kəmərini 2018-ci ilə qədər qoruya bilsə, əfsanəvi amerikalı boksçu Co Luisin rekordunu təzələyəcək. Luis bu kəməri 1937-ci ildən 1949-cu ilə qədər özündə saxlayıb. Ukraynalı isə həmin kəməri 2006-cı ildə qazanıb.

 

Vladimir Kliçko professional rinqdə 64 görüş keçirib və onlardan 61-də qalib gəlib (51 görüş nokautla). Daha 3 görüş onun məğlubiyyəti ilə başa çatıb.