14:43 23-04-2014
news_image
3639
DÖYÜŞ NÖVLƏRİ

Zülfiyyə Hüseynova: Əgər nazir bunu bilmirsə...

“Mən təqaüd üçün nazirliyə müraciət etmişəm. Amma nazirin özü ilə görüşməmişəm. Yalnız nazirliyin şöbə müdiri Mirkamil Rəhimovla danışığımız olub”. Bunu apasport.az saytına veteran samboçu və cüdoçu Zülfiyyə Hüseynova deyib.

Gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında Zülfiyyə Hüseynovanın dövlətdən təqaüd almasının əleyhinə olduğunu deyib: “Təqaüd idmanda böyük nailiyyəti olanlara dəstək məqsədilə verilir. Mən ona təqaüd verilməsinin qəti əleyhinəyəm. Dəfələrlə görüşmüşük, izah etmişik. Meyarlar var, Zülfiyyə xanım istəsə, yenə müraciət edə bilər”

Hüseynova isə bildirib ki, 2 idman növündə iştirak edib: “Mən hələ SSRİ vaxtında Azərbaycanın bayrağını qaldırmışam. SSRİ çempionatında cüdoda II, Xalqların Spartakiadasında isə III yerə çıxmışam. Hərbçilər və tələbələr arasında cüdo üzrə dünya, hərbçilər arasında olimpiya çempionuyam. Dəfələrlə beynəlxalq turnirlərin qalibi və mükafatçısıyam. Əgər bunu bizim hörmətli nazir bilmirsə, mən nə deyə bilərəm? Təqaüd istəmək mənim haqqımdır. Hətta milyarder də olsam, məncə, bu məsələyə baxmaq olar. Təqaüdü göstərdiyin nəticəyə görə verirlər. Daha gözləmirlər ki, 60 yaşın olacaq. Deyə bilmərəm ki, mən 60 yaş yaşayacağam, ya yox”.

O bildirib ki, təqaüdü idmandakı nailiyyətlərinə görə istəyir, işlədiyi vəzifəyə görə yox: “Mən işlədiyimə görə dövlətdən məvacibimi alıram. Amma Azərbaycan idmanında göstərdiyim nəticələrə görə heç bir təqaüd almıram”.

Hüseynova nazir Azad Rəhimovu onun uğurları barədə sambo və cüdo federasiyalarından öyrənməyə çağırıb: “Hazırda mən ustalar üzrə güləşirəm və 5 dəfə də bu növdə dünya çempionu olmuşam. Heç olmasa, bunu unutmasınlar”.