20:00 24-04-2014
news_image
2359
DÖYÜŞ NÖVLƏRİ

Müşkiyev Avropa çempionatında bürünc medal qazandı

Bu gün Fransanın Monpelye şəhərində cüdo üzrə Avropa çempionatına start götürüb. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə mübarizəyə 4 həmyerlimiz qoşulub. Onlardan yalnız İlqar Müşkiyev çıxışını medalla başa vurub.
 

Kişilər
 

60 kq

Bu çəkidə Azərbaycan yığması 2 idmançı ilə təmsil olunub. İlqar Müşkiyev ilk döyüşünə 1/16 final mərhələsində başlayıb. Təmsilçimiz türkiyəli Ahmet Kaba ilə gücünü yoxlayıb və rəqibini mübarizədən kənarlaşdırıb.  1/8 finalda çexiyalı David Pulkrabeklə üz-üzə gələn İlqar bu dəfə daha asan qələbə qazanıb. O, rəqibini 88 saniyəyə ippona salıb.
Müşkiyev yarımfinala gedən yolda Rusiyanı təmsil edən erməni əsilli Arsen Qalstyanı sınağa çəkib. Həmyerlimiz bu görüşdən də qalib ayrılıb.

 

Amma yarımfinalda gürcü Amiran Papinaşvili ilə qarşılaşan Müşkiyev məğlubiyyətdən qaça bilməyib. Nəticədə 3-cü yer uğrunda çıxışını davam etdirən təmsilçimiz Eşli Makkenzini (Böyük Britaniya) sınağa çəkib və qalib gəlib. Bunun da İlqar çempionatı bürünc medalla başa vurub.

 

Müşkiyev kimi Orxan Səfərov da yarışa ilk mərhələdən qoşulub. Dünya çempionatın bürünc medalçısı Belarusu təmsil edən erməni əsilli Vae Tutxalyanla üz-üzə gəlib. Gərgin keçən döyüş həmyerlimizin qələbəsi ilə başa çatıb. Səfərov rəqibinə ipponla qalib gəlib. O, növbəti mərhələdə Artyom Arşanski (İsrail) ilə qarşılaşıb. Görüş Orxan üçün uğurlu alınıb və 61 saniyəyə mərhələ adlayıb. Səfərov 1/4 finalda böyük britaniyalı Eşli Makkenzi ilə münasibətinə aydınlıq gətirib. Həmyerlimiz yenə də qarşılaşmanı vaxtından əvvəl başa vurub.

 

Ardıcıl 3-cü ipponla mərhələ adlayan Orxan yarımfinalda rusiyalı Beslan Mudranovla üz-üzə gəlib. Lakin o, qələbə seriyasını bu dəfə davam etdirə bilməyib və uduzub. Təəssüf ki. Səfərov bürünc medal uğrunda görüşdə də məğlubiyyət acısı yaşayıb. Təmsilçimiz ermənistanlı Ovannes Davtyana uduzaraq, yarışı 5-ci yerdə bitirib.
 

66 kq

Əsas medal ümidlərimizdən olan Nicat Şıxəlizadə mübarizəyə 1/8 finaldan başlayıb. Vadzim Şoka (Belarus) ilə güləşən həmyerlimiz rəqibini ipponla məğlub edib (98 saniyə). Şıxəlizadə ikinci görüşündə Markos Uriarte ilə qüvvəsini sınayıb. Təəssüf ki, təmsilçimiz bu dəfə uğurunu davam etdirə bilməyib və ipponla uduzub.

Buna baxmayaraq, Nicat bürünc medal uğrunda çıxışını davam etdirib. O, təsəlliverici görüşdə Georgi Zantaraya (Ukrayna) ilə mübarizə aparıb və məğlub olub.

 

Qadınlar
 

57 kq

Avropa çempionatının gümüş və bürünc mükafatçısı Kifayət Qasımova bu dəfə medalının əyarını yaxşılaşdırmaq arzusunda olsa da, istəyini reallaşdıra bilməyib. 31 yaşlı həmyerlimiz ilk görüşdəsə məğlubiyyətə üzülüb. Onu bolqarıstanlı İvelina İliyeva mübarizədən kənarlaşdırıb.

 

Qeyd edək ki, yığmamız Fransaya 10 cüdoçu ilə yollanıb.