11:04 24-04-2014
news_image
389
DİGƏR NÖVLƏR

Hakimlərimiz “Bakı-2015”ə hazırlaşır

Gələn il ölkəmizin ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarının proqramına daxil olan idman növləri içərisində velosiped (şosse, MTB və BMX) də var. Apasport.az saytının xəbərinə görə, bununla əlaqədar yarışın Təşkilat Komitəsi, eləcə də Azərbaycan Velosiped İdmanı Federasiyasının (AzVİF) birgə təşkilatçılığı ilə hakimlər üçün xüsusi kurslar keçirilib.

Xüsusi qeyd edilməli məqam burasıdır ki, ilk Avropa Oyunlarının proqramına daxil olan idman növləri arasında ilk kurslar məhz AzVİF-in təşəbbüsü ilə baş tutub və bu tədbirdə federasiyanın 17 nümayəndəsi iştirak edib. Kurslara “Bakı-2015”in Təşkilat Komitəsinin üzvü, Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) beynəlxalq dərəcəli hakimi Vladimiros Petsas rəhbərlik edib.

3 gün davam edən tədbirin yekunu olaraq götürülən imtahanların nəticəsi ürəkaçan olub – federasiyamızın bütün üzvləri imtahanlardan uğurla keçiblər. Bu isə onlara “Bakı-2015”in velosiped yarışlarında hakimlik etməyə imkan verir.