15:07 24-04-2014
news_image
453
STOLÜSTÜ OYUNLAR

Rauf Məmmədov Şəmkirdə rəqibinə “tələ” qurdu

Azərbaycanlı qrossmeyster Rauf Məmmədov “Shamkir Chess 2014”də IV turda B qrupunun reytinq favoriti Van Xao üzərində qələbəsini şərh edib. Apasport.az saytının məlumatına görə, istedadlı şahmatçımız matçın gedişində üstünlüyə yiyələndiyini deyib.

 

O, turnirin rəsmi saytına açıqlamasında bildirib ki, qələbəsində Xaonun səhvi də kömək olub: “Debütdən üstünlük qazanmadım. Hətta bəzən gedişlərin təkrar olunduğunu gördük. Xaonun kiçik üstünlüyü hiss olunurdu. Bununla belə sona yaxın rəqibə "tələ" qurdum. O da həmin "tələ"yə düşdü. Xaonun səhvindən sonra isə qələbə qazanmaq üçün nə etməli olduğumu bilirdim. Bu qələbəyə qədər depressiyaya düşmüşdüm. İlk turda Elyanova qarşı yaxşı pozisiyam olsa da, görüş heç-heçəylə başa çatdı. Avropa çempionu Motılyovla görüşdə isə səhvə yol verdim və uduzdum. Hərçənd, həmin partiyanı uduzmamalıydım. Fikrimcə, Xao üzərində qələbə özümə gəlməyə imkan verəcək".

Təşkilatçılara təşəkkür edən Azərbaycan millisinin üzvü "Shamkir Chess 2014" turnirinin yüksək səviyyədə keçdiyini bildirdi.

 

Qeyd edək ki, Məmmədov 4 turdan sonra 10 şahmatçı arasında 9-cudur. Xaodan öncə 2 görüşdə heç-heçə edən həmyerlimiz 1 matçda məğlub olub.