10:28 28-04-2014
news_image
443
DİGƏR NÖVLƏR

Bakıda AİPS-in 77-ci konqresi öz işinə başlayıb

Bu gün Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 77-ci konqresi öz işinə başlayıb. Apasport.az saytının məlumatına görə, açılış mərasimdə 1924-cü ildən fəaliyyət göstərən qurum barədə ətraflı danışılıb.

 

Bildirilib ki, paytaxtımızda təşkil olunan tədbirdə 180 ölkənin nümayəndəsi iştirak edir.

 

Ardınca Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov konqres iştirakçılarına ölkə prezidenti İlham Əliyevin müraciətini səsləndirib.

 

Sonra AİPS prezidenti Canni Merlo Azərbaycan prezidenti ilə görüş barədə məlumat verib və idman jurnalistlərinin gələcəyi barədə müzakirələr apardığını deyib. O, təşkilatın 90 illik fəaliyyətindən danışdıqdan sonra ilk dəfə belə yüksək səviyyədə tədbirin keçirildiyini vurğulayıb: “3,5 il öncə bu hüquq Azərbaycana verildikdə bilirdim ki, hər şey çox yaxşı təşkil ediləcək. Bu gün həqiqətən bunun şahidiyik. Hamımız ölkənizin qonaqpərvərliyini bir daha gördük. Bu, gənc jurnalistlərin yetişməsi üçün də yaxşı olacaq”.

 

Merlo çıxışını bitirdikdən sonra Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın video-mesajı səsləndirilib.

 

Ardınca söz gənclər və idman naziri Azad Rəhimova verilib. O, konqresə ev sahibliyi etməyin böyük şərəf olduğunu söyləyib. Rəhimov təşkilatın 90 illik yubileyinə təsadüf edən tədbirin iştirakçılarına ölkəmizin beynəlxalq yarışlara ev sahibliyi etməsindən, idmançılarımızın Olimpiya Oyunlarında, dünya və Avropa, həmçinin digər yarışlarda qazandığı uğurlar barədə məlumat verib: “Azərbaycan idman ölkəsidir. Biz gələn il tarixdə ilk dəfə baş tutacaq Avropa Oyunlarını da keçirəcəyik. Bunu yüksək səviyyədə keçirəcəyimizə inanıram. Bakı sizdə bir sıra təəssüratlar yaradacaq. Paytaxtımızın tarixi abidələrini, idman komplekslərini görmək imkanınız olacaq. Bundan sonra təsəvvürləriniz daha da artacaq”.

 

2012-ci ildə AİPS-in xətti ilə Bakıda keçirilən “Gənc reportyorlar proqramı”nın videosu göstərildikdən sonra Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA) prezidenti Eldar İsmayılov konqres iştirakçılarını paytaxtımızda görməkdən məmnunluq hissi keçirdiyini bildirib. Onun sözlərinə görə, qonaqlar tədbirin gedişatından çox razıdırlar və bu, gələcək nəslin yetişməsinə öz töhfəsini verəcək.

 

Konqres rəsmi açılışdan sonra öz işinə başlayıb.

 

Qeyd edək ki, tədbir zamanı Bakı-2015-in də təqdimat mərasimi olub. Burada iştirakçılara yarışa hazırlıq barədə ətraflı məlumat verilib.