11:27 28-04-2014
news_image
831
DİGƏR NÖVLƏR

Azad Rəhimov barəsində səslənən ittihama cavab verdi

“Bu gün Bakıda Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresi keçirilir. Həm də həmin təşkilatın 90-cı il dönümüdür”. Apasport.az saytının xəbərinə görə, bunu gənclər və idman naziri Azad Rəhimov deyib.

 

Bu gün Bakıda öz işinə başlayan Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AİPS) 77-ci konqresinin əhəmiyyətindən danışan Rəhimov bildirib ki, dünya idman jurnalistləri, Azərbaycan üçün bu möhtəşəm tədbirin paytaxtımızda keçirilməsi çox vacibdir: “Ölkəmiz müxtəlif dünya və Avropa çempionatlarına ev sahibliyi edir. Azərbaycan idmançıları müxtəlif yarışlarda çoxlu medallar qazanır. Ən əsası, ölkəmizdə gələn il tarixdə ilk dəfə Avropa Oyunları keçiriləcək. Bu gün burada dünya jurnalistika elitasının idman yazarlarının toplanması, Bakı ilə, Avropa Oyunları ilə bağlı görülən işlərlə tanış olması bizim üçün çox vacibdir. Bu, böyük bir təbliğatdır”.

 

Nazir Azərbaycana gələn idman yazarlarının Azərbaycandan qayıtdıqdan sonra Bakı haqda, ölkəmizdə idmanda əldə olunan böyük bir irəliləyiş barədə öz məqalələrində yazılar dərc edəcəyinə inamını ifadə edib. Onun sözlərinə görə, paytaxtımıza gələn 300-dən artıq jurnalist ölkəmizdən əsl Azərbaycanın dostu kimi ayrılacaq.

 

Rəhimov AİPS-in konqresində ölkəmizi cəmi 2 jurnalistin təmsil etməsinə də aydınlıq gətirib: “Konqreslərin müxtəlif formatları var. Bu o deməkdir ki, Azərbaycan ev sahibliyi edir. Amma konqres tam şəkildə dünya idman jurnalistlərinin tədbiridir və burada ölkəmizi 2 namizədlə təmsil olunur. Bu, konfrans, fikir mübadiləsi aparmaq üçün bir meydança deyil. Bu, həqiqətən dünya idman jurnalistlərinin öz konqresidir və burada ancaq nümayəndələr iştirak edə bilər”.

 

Rəhimov son zamanlar ölkəmizdə tikilən olimpiya idman komplekslərinin tikintisi zamanı müxtəlif rəqəmlərin səslənməsinə də münasibət bildirib. O, bunu fərqli şəkildə ortaya çıxaran mətbuat orqanlarının səhvi adlandırıb: “Bu, tam şəkildə olan bir qeyri-peşəkarlıqdır. Yəni, o nədən ibarətdir? Nazirliyin mətbuat katibliyinə zəng vurub, rəqəmləri soruşmaq və heç bir problemsiz həmin rəqəmləri əldə etmək olardı. Əksinə, hansısa kanallar, hansısa mətbuat orqanları özləri öz tərəfindən hansısa bir naməlum mənbədən rəqəmlər tapırlar, səsləndirirlər. Sonra rəqəmlərlə bağlı bizə sual verirlər. Nəticədə gülməli vəziyyət yaranır. Məsələn, Sabirabad Olimpiya Kompleksi 8 milyon 370 min manata tikilib. Amma hər hansı mətbu orqanı səhvən bu rəqəmi 837 min manat göstərir. Sonra da öz səhvinin üstündə başlayır ki, niyə bu qədər azdır? Biz belə hallara fikir vermirik. Bu gün bizim üçün ən önəmli hadisə 2015-ci il Avropa Oyunlarına hazırlıqdır. Biz səylərimizi ölkəmizin müsbət təqdimatına yönəltməliyik”.