16:28 28-04-2014
news_image
570
STOLÜSTÜ OYUNLAR

“Azərbaycanda tam başqa Teymur görürük”

“Vüqar Həşimovun xatirəsinə həsr olunan bu turnir Azərbaycan şahmatına böyük töhfə oldu. Yüksək səviyyədə keçirilən yarışın ənənəvi hal alması hər birimizin arzusudur”. Apasport.az saytının məlumatına görə, bunu Vüqar Həşimovun məşqçisi olmuş Anar Allahverdiyev deyib.

 

"Shamkir Chess-2014”ün rəsmi saytında Azərbaycan dilində partiyaları şərh edən əməkdar məşqçi öncə turnirin yüksək səviyyədə keçirildiyi üçün təşəkkürünü bildirib: “Güclü şahmatçıların iştirakı ilə belə mötəbər yarış təşkil etdikləri üçün “Synergy Group”a təşəkkür etmək istərdim. Bu yarış yeni Vüqarların parlaması üçün gözəl şəraitdir. Eyni zamanda gəncləri şahmatla məşğul olmağa daha da həvəsləndirəcək”.

 

Yarışdakı vəziyyətlə bağlı danışan Allahverdiyev A qrupunda gərgin mübarizənin davam etdiyini deyib: “Maqnus Karlsen 4,5 xalla liderdir. İkinci yerdə gözəl oyun nümayiş etdirən Teymur Rəcəbovdur. Onun 4 xalı var. Son turnirlərdə Teymur o qədər inamlı görünməsə də, “Shamkir Chess-2014” yarışında yüksək yerlər uğrunda mübarizə aparmağa qadir olduğunu sübut edir. Doğma Azərbaycanımızda keçirilən yarışda tam başqa Teymur görürük. Fikrimcə, ilk yer uğrunda mübarizə Maqnusla Teymur arasında gedəcək. Son turda Rəcəbov ağ fiqurlarla Karlsenə qarşı oynayacaq. Ola bilər ki, məhz son turda hər şey həll olunsun. Bu mənada bizi qarşıda maraqlı mübarizə gözləyir. Digər şahmatçıların qələbə şansı qalır. Şəhriyarın uğursuzluğunu iddiaçılar turniriylə əlaqələndirərdim. Vladimir Kramnik kimi şahmatçı iddiaçılardan sonra 2 ay müddətində istirahət edir. Şəhriyar dincəlmədən “Shamkir Chess-2014”də mübarizəyə başladı. Ona görə yorğunluq istədiyi oyunu göstərməyə mane olur”.

 

Allahverdiyevin sözlərinə görə, B qrupunda da yüksək səviyyəli şahmatçılar toplaşıb: “Etyen Bakro və Van Xao kimi şahmatçılar hətta A qrupunda yarışmağa layiqdir. Burada qənaətbəxş saydığım iki şahmatçımızın adını çəkə bilərəm. Qədir Hüseynov 7 oyundan 4 xal toplayıb. Onun mükafatçılar sırasına düşmək şansı çoxdur. Hətta qalib də gələ bilər. Turnirin ən gənc iştirakçısı Nicat Abbasov haqda da xoş sözlər deməliyəm. Əmsalına görə sonuncu olan Nicatın 3 xalı var. Liderlərə qarşı inamlı təsir bağışlayan Nicatın perfomansı onun gələcəkdə Azərbaycanın güclü şahmatçılarından birinə çevriləcəyinə inam yaradır”.