20:53 28-04-2014
news_image
482
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov: Çıxışımı faciəvi adlandırmaq olmaz

 

“Shamkir Chess 2014” turnirinin 8-ci turunda Hikaru Nakamuraya uduzan Şəhriyar Məmmədyarov jurnalistlərin suallarına cavab verib. Apasport.az saytının məlumatına görə, şahmatçımız oyun zamanı müəyyən çətinliklərinin olduğunu etiraf edib: "Debütdən sonra üstünlüyüm var idi. Tələsmədən oynadım. Şansımı qaçırdım. Səhvə yol verəndən sonra oyun qəlizləşdi. Seytnotda çox sadə gedişləri görmədim. Vəziyyət qəlizləşdi və məğlubiyyət qaçılmaz oldu. Uğursuzluğu iddiaçılar turnirindəki çıxışımla əlaqələndirmək istəməzdim. Fikrim başqa yerdədir. Sanki fikrimi cəmləşdirə bilmirəm. Müəyyən problemlər var. Çıxışımı faciə adlandırmaq da olmaz. Belə nəticə 10 ildə bir dəfə olur. Son dəfə 8 il əvvəl Veyk-An-Zee turnirində belə zəif oynamışdım. Fərdi yarışlarda belə uğursuzluğu bağışlamaq olar. Təki, Dünya Kuboku, yığmayla birgə dünya çempionatı, olimpiada da belə formada olmayım. Vəziyyətlə barışmaq istəmirəm. Səhvlərimi bilirəm. Üzərində işləyəcəm. Əlbəttə, son 2 turda daha yaxşı oynamaq üçün çalışacam. Turnirin ilk dövrəsində qeydə alınan nəticələr ikinci dövrədə də təkrarlanır".

Hikaru Nakamura isə partiya haqda bunları deyib: "Partiyada hər şey bərabər başladı. Sonra üstünlük qazanmaq üçün şans yarandı. Düzgün oynayaraq vacib gedişləri etdim. Sevinirəm ki, qələbə qazandım. İlk dövrədəki nəticələr ikinci dövrədə də təkrarlanır. Sanki qəribə turnir təsiri bağışlayır. Növbəti 2 tur əvvəlki 8 turdan daha çətin olacaq. Turniri major notda bitirmək şansımız var".