11:14 29-04-2014
news_image
591
DİGƏR NÖVLƏR

Markus Eybeger: “Tour d'Azerbaidjan”a hazırıq!

Fransada keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Tour de Bretagne” veloyürüşünün 4-cü mərhələsi “Synergy Baku” komandasının üzvü Markus Eybegerin parlaq qələbəsi ilə başa çatıb. Apasport.az saytının xəbərinə görə, bu, Azərbaycan velosiped komandasının cari mövsümdə artıq ikinci böyük uğurudur.

 

Belə ki, ötən ay Maksim Averin Xorvatiyada təşkil olunan birgünlük “Porec Trophy” turunda analoji nəticəyə imza atmışdı.

 

“Synergy Baku”da debüt mövsümündə ilk qalibiyyətinə imza atan Markus Eybeger qələbəsini belə şərh edib: “Sevinirəm ki, qələbəm lazım olan vaxta təsadüf etdi. Çünki “Tour d'Azerbaidjan” öncəsi bu bizə əlavə gərginlikdən xilas olmaq üçün olduqca vacib idi. Odur ki, Azərbaycan turuna tam hazır olacağıq!”

 

“Tour de Bretagne”ın 3-cü mərhələsində 5-ci olan Eybeger 4-cü mərhələdəki qalibiyyəti ilə ümumi sıralanmada 7-ci yerə yüksəlib. Bu isə yarışın yekununa əsasən, komandanın daha üst sıralarda qərarlaşması üçün olduqca önəmlidir.

 

Yeri gəlmişkən, “Synergy Baku”nun heyətində Fransada yarışan velosipedçilərdən ikisi – Elçin Əsədov və Metyu Bremmier soyuqdəymə səbəbindən yarışda iştirakını dayandırıb. Məşqçilər korpusu “Tour d'Azerbaidjan”da yarışacaq bu velosipedçilərin bərpa prosesi keçməsi üçün onlara istirahət vermək qərarına gəlib.

 

“Markusun bu qələbəsi alqışa layıqdir” – deyən “Synergy Baku”nun baş meneceri David McQuaid isə ondan “Tour d'Azerbaidjan” yürüşündə də uğurlu çıxış gözlədiyini bildirib.