23:25 29-04-2014
news_image
511
DİGƏR NÖVLƏR

BOK-dan açıqlama: 2016-cı il Olimpiadasına hazırlıq bərbaddır

Beynəlxalq Olimpiya Komitəsinin vitse-prezidenti Con Kouts Braziliyada keçiriləcək 2016-cı il Olimpiya oyunları ilə bağlı narahatlığını bildirib. Apasport.az saytının məlumatına görə, BOK rəsmisi Rio-de-Janeyronun olimpiadaya hazırlığını indiyə kimi gördüyü hazırlıqlar içində ən acınacaqlısı olduğunu qeyd edib.

 

Kouts bildirib ki, BOK görünməmiş addım ataraq Olimpiya oyunlarının təşkilat komitəsinə öz ekspertlərini daxil edib. Onun fikrincə, bu addım Olimpiadaya hazırlığı sürətləndirməlidir.

 

Bununla yanaşı, Kouts BOK-un 2016-cı il Olimpiadasını başqa yerə keçirtməyə hazırlaşmadığını vurğulayıb: “Biz Rionun bir çox sahələrdə hazır olmaması ilə bağlı çox narahatıq. Amma biz vaxtında yetişmək üçün səy göstərəcəyik”.

 

Koutsun sözlərinə görə, 2016-cı il oyunlarına hazırlıq zamanı meydana çıxan çətinliklər 2004-cü ildə Afinada keçirilən Olimpiadaya hazırlıqla müqayisəyə belə gəlmir. Xatırladaq ki, BOK həmin dövrdə də Yunanıstanın oyunlara hazırlıqda gecikdiyini bildirirdi.

 

Rio-de-Janeyro Olimpiya oyunlarını keçirmək hüququnu 2009-cu ildə əldə edib. O, ev sahibliyi uğrunda yarışda Madrid, Tokio və Çikaqonu qabaqlayıb.