00:10 30-04-2014
news_image

Məşhur promouter Rusiyadan gecə yarısı qaçıb

Məşhur promouter Don Kinq gecə yarısı Rusiyadan necə qaçması barədə danışıb. Apasport.az saytının məlumatına görə, Kinq boksçu Qilyermo Consdan götürülən dopinq testin sanksiyasız olduğunu vurğulayıb.

 

Ümumdünya Boks Assosiasiyasının (WBA) versiyası üzrə 90,71 kiloqram çəki dərəcəsində dünya çempionu titulu uğrunda döyüş aprelin 25-də Moskvada Qilyermo Cons və rusiyalı Denis Lebedev arasında keçirilməliymiş. Amma görüşün başlamasına 15 dəqiqə qalmış Consun dopinq testinin müsbət nəticə verdiyi açıqlanıb və döyüş ləğv olunub. Testi İsveçrə antidopinq laboratoriyası keçirib. Panamalı boksçu bir il əvvəl olduğu kimi yenə də furosimid qəbul etməkdə ilişib.

 

Amma Consun promouteri Don Kinq testin götürülməsi qaydasının pozulduğunu və WBA nümayəndələrinin test götürülən zaman prosedurda iştirak etmədiklərini vurğulayıb: “Dopinq testi zamanı WBA nümayəndələri olmayıb. Onlar həmin zaman Rusiyaya gəlməyiblər. Yəni, testin götürülməsi sanksiyalaşdırılmayıb. Onlar mənə də nümunə verməliydilər. Amma vermədilər. B testi ümumiyyətlə yoxdur. Çünki cəmi bir test olub”.

 

Kinq Moskvanı gizli və vaxtından əvvəl şəkildə tərk etmək məcburiyyətində qaldığını da deyib: “Qorxurdum ki, komandamı Moskvada həbs edərlər. Kimsə otağa girib dedi ki, araşdırma aparılacaq. Sonra isə başqa biri Consun həbs ediləcəyini söylədi. Mənim komandamda məsuliyyətini daşıdığım 16 nəfər var. Mən onları bu ölkədən çıxartmalıydım. Gecə yarısı oradan qaçmaq imkanı əldə etdik. Mən bunu edə bildiyimə görə çox rahatam”.

 

Qeyd edək ki, Denis Lebedev 2013-cü ilin mayında WBA versiyası üzrə döyüşdə panamalıya uduzub. Amma sonradan Consun dopinq testi müsbət nəticə verib və titul rusiyalı boksçuya qaytarılıb. WBA isə onların arasında təkrar görüş keçirilməsi barədə qərar çıxarıb.