09:27 30-04-2014
news_image
607
STOLÜSTÜ OYUNLAR

Mahir Məmmədov: Yarışın ənənəvi olmasını istərdik

“Bu turnir Azərbaycan şahmat yığmasının üzvü, mərhum Vüqar Həşimovun xatirəsinə həsr olunub. Onun vaxtsız vəfatı hamıya pis təsir etdi. “Synergy Group” tərəfindən Vüqarın adının əbədiləşdirilməsi yolunda belə addımın atılması müsbət haldır”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov deyib.

 

O, “Shamkir Chess-2014” turnirinin rəsmi saytına yarışın təşkili və Azərbaycan şahmatçılarının çıxışı barədə danışıb: “Təşkilatçıların belə yüksək səviyyədə turnir keçirməsi şahmatsevərlərə əsl bayram yaşatdı. Azərbaycan şahmatçılarının iştirakına gəlincə, B turnirində mübarizə aparan təmsilçilərimiz güclü rəqabətlə üzləşdi. Bununla belə, onların çıxışını normal saymaq olar. Əsas məqsəd gənc şahmatçılarımızın təcrübə toplaması oldu”.

 

Məmmədovun sözlərinə görə, yarış 2016-cı ildə Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadasına hesablanıb: “Burada kişi şahmatçıların mübarizəsində 3 komandayla təmsil olunmaq fikrimiz var. Ona görə belə turnirlərin nəticəsi seçim üçün imkan verir. A turnirinə gəldikdə qalib son turda məlum olacaq. Əksəriyyət, dünya çempionu Maqnus Karlsenin asanlıqla qalib gələcəyini proqnoqlaşdırsa da, 1-ci yerin sahibi məhz 10-cu turda müəyyənləşəcək. Şəhriyar Məmmədyarovun oyunlarına gəlincə, onun iddiaçılar turnirinə yüksək səviyyədə hazırlaşmasını qeyd etməliyəm. Xantı-Mansiyskdə normal mübarizə sərgilədi. Yaxşı partiyalar nümayiş etdirdi. Şəmkirdəki yarışda yəqin, yorğunluq özünü göstərir. Teymur Rəcəbovun çıxışını hamı böyük maraqla izləyir. 2013-cü ildə iddiaçılar turnirindən başlayan uğursuzluqdan fərqli olaraq, Rəcəbov Şəmkirdə daha yaxşı və inamlı oynayır. Teymurun son aylardakı hazırlığı bəhrəsini verir. Ümumilikdə hamı kimi biz də yarışın ənənəvi olmasını istərdik”.