11:30 30-04-2014
news_image

“Baku Fires” finala çıxa biləcəkmi?

Mayın 3-də saat 19:00-da Quba Olimpiya Kompleksində Ümumdünya Boks Seriyasının (WSB) yarımfinal mərhələsinin cavab görüşü keçiriləcək. Boks Federasiyasından apasport.az saytına verilən məlumata görə, Azərbaycanın “Baku Fires” klubu turnirin ötən ilki qalibi Qazaxıstanın “Astana Arlans” komandasını qəbul edəcək.

 

Bu klublar arasında cari mövsümdə 4-cü sınaq olacaq. Belə ki, yarımfinal mərhələsinin Astanada keçirilmiş ilk döyüşdə rəqib 3:2 hesabı ilə qələbə qazanıb. Qrup mərhələsində isə Qazaxıstanda yerli komanda 4:1, Qubada isə eyni hesabla “Baku Fires” qalib gəlib.

 

Artıq komandaların heyətləri məlumdur:

 

“Baku Fires” – “Astana Arlans”

52 kq. Maqomed Abdulhəmidov – Miras Jakupov

60 kq. Albert Səlimov – Samat Başenov

69 kq. Yevgeni Ramaşkeviç – Daniyar Yeleussinov

81 kq. Mixail Dolqolevts – Hrvoje Sep

+91 kq. Hacı Murtuzəliyev – Ruslan Mırsatayev

Əlavə döyüş. 81 kq. Teymur Məmmədov – Adilbek Niyazimbetov

 

“Baku Fires” səfərdə 2:3 hesabı ilə uduzduğundan komandamızın finala yüksəlmək şansları yüksək qiymətləndirilir. Boks həvəskarları yenə də Səlimov – Başenov döyüşünü izləyəcəklər. Bu idmançılar artıq bir dəfə Qubada üz-üzə gəliblər və həmin qarşılaşmada “Baku Fires” klubunun üzvü qalib gəlib. Qazaxıstan komandasının heyətində son dünya çempionu Daniyar Yeleusinov da Qubaya gələcək. 69 kq çəki dərəcəsində Almatıda qızıl medala layiq görülmüş boksçu komandamızın belaruslu üzvü Yevgeni Ramaşkeviçlə qarşılaşacaq. Yeleusinov cari mövsümdə bir dəfə rinqə çıxaraq, qələbə qazanıb.

 

Xorvatiyalı Hrvoje Sep də qonaq komandanın aparıcı boksçularındandır. 2011-ci ildə Avropa çempionatında bürünc medal qazanan idmançı WSB liqasında 15 döyüşdə qalib

gəlib, 6-da məğlub olub.

 

“Baku Fires” komandasının baş məşqçisi Nuripaşa Talibov 81 kq-da bu çempionatda cəmi 1 götüş keçirən Dolqolevtsə güvənib.

Hacı Murtuzəliyevlə Ruslan Mırsateyevin növbəti görüşü də maraqla gözlənilir. VI turda Qubada keçirilən qarşılaşmada Murtuzəliyev təcrübəli rəqibindən üstün olmuşdu. Bu Mırsatayevin cari mövsümdə yeganə məğlubiyyətidir.

 

Əgər cavab qarşılaşması 3:2 hesabı ilə komandamızın xeyrinə qutarsa, o zaman 81 kq çəki dərəcəsində əlavə döyüş olacaq. Qazaxıstan komandası bu çəkidə Olimpiya oyunları və dünya çempionatlarının gümüş mükafatçısı Adilbek Niyazımbetova güvənib. Əlavə döyüşə ehtiyac olsa, Niyazımbetova Teymur Məmmədov öz gücünü göstərməli olacaq.

 

Qeyd edək ki, son anda heyətdə hər hansı əvəzləmələrin olması istisna edilmir.

 

Digər yarımfinal qarşılaşması Kubada keçiriləcək. Bu cütün ilk görüşündə “Cuba Domaderos” Moskvada Rusiya komandasını 3:2 hesabı ilə məğlub edib.