16:12 30-04-2014
news_image

Avropa Oyunları üçün lisenziya qaydaları dəqiqləşdi

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunları üçün taekvondo yarışlarında lisenziya verilməsi qaydalarına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, bunu Avropa Taekvondo İttifaqının (ETU) prezidenti Atanasios Praqalos açıqlayıb.

 

O bildirib ki, paytaxtımızda baş tutacaq Avropa Oyunlarına Yay Olimpiya Oyunlarında olduğu kimi hər ölkə maksimum 4 lisenziya (2 kişi, 2 qadın) əldə edəcək. Tarixdə ilk dəfə baş tutacaq yarışa dünya reytinqində ilk “altılıq”da yer alacaq avropalılar lisenziya qazanacaq, digər 4 vəsiqəni Avropa Olimpiya Komitəsi verəcək. Azərbaycan isə ev sahibi kimi 4 (2+2) çəkinin hər birində iştirak hüququna malik olacaq.  

 

Praqalos Avropa Oyunlarının Avropa çempionatını kölgədə qoymaq ehtimalına da münasibət bildirib: “Avropa Oyunları hər 4 ildən bir dəfə keçirilir. Ona görə də Avropa çempionatının kölgədə qalacağına ümid etmirik. Həm də qitə çempionatından fərqli, Avropa Oyunlarında seçilmiş, reytinqli idmançılar iştirak edirlər”.

 

Qeyd edək ki, hazırda olimpiadalarda qadınlar 49 kq, 57 kq, 67 kq və 67 kq-dan yuxarı, kişilər isə 58 kq, 68 kq, 80 kq və 80 kq-dan yuxarı çəki dərəcələrində mübarizə aparırlar.