09:30 01-05-2014
news_image
853
STOLÜSTÜ OYUNLAR

Pyotr Svidler: Vüqarın təbəssümünü unutmaq mümkün deyil - MÜSAHİBƏ

Dünya kubokunun sahibi, 6 dəfə Rusiya çempionu olmuş Pyotr Svidler həyatdan nakam getmiş Vüqar Həşimovun xatirəsinə həsr edilmiş turnirin rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, məşhur şahmatçı mərhum qrossmeysterimizi xatırlayıb, yarış barədə təəssüratlarını bölüşüb.

- Siz Şəmkirdə Həşimov memorialını izləyirsinizmi? Turnirin şahmat baxımından məzmunu, mübarizənin gərginliyi barədə nə deyə bilərsiniz?
- Mən bu memorialı sadəcə izləmirəm, onu çox fəal şəkildə şərh edirəm. Başlanğıc xeyli darıxdırıcı oldu, lakin sonra iştirakçılar həvəsləndilər və bu oyuna baxmaq bizə ləzzət verdi.


- Əgər bu turnir ənənəvi keçirilərsə, bu yarışmada iştirak etmək istərdinizmi?
- Əlbəttə.
 

- Vüqarın adı sizin üçün nə deməkdir, onunla sizi nə bağlayırdı? İlk növbədə onun haqqında nəyi xatırlayırsınız?
- Mənim şahmat oynadığım bütün illər ərzində qarşılaşdığım ən nurlu adamlardan biri Vüqar idi. Onun dünyasını dəyişməsi həm şahmat üçün, həm də onu tanıyanların hamısı üçün çox böyük itkidir. Çox təəssüflənirəm ki, onunla istədiyim dərəcədə yaxından tanış deyildim. Monako turnirində mənim yetirmələrimlə Vüqarın necə səmimi ünsiyyət saxlaması yadımdadır. Onun həyata uşaq kimi saf, sevinc, gələcəyə inam dolu münasibəti aşkar görünürdü. Onun təbəssümünü unutmaq mümkün deyil. Vüqar kimi gülümsəməyi hər adam bacarmaz. Heyf ki, o daha aramızda yoxdur.