10:34 01-05-2014
news_image
1250
STOLÜSTÜ OYUNLAR

Maqnus Karlsen: Şəmkirdə olduğum günləri unutmayacağam

 “Öncə turnirin təşkilatçılarına təşəkkür etməyi özümə borc bilirəm. Şəmkirdə olduğum günləri unutmayacağam”. Apasport.az saytının məlumatına görə, bunu Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2014” turnirinin qalibi olan norveçli Maqnus Karlsen deyib.

 

24 yaşlı dünya çempionu ölkəmizlə bağlı təəssüratlarını bölüşüb.

 

O, turnirin rəsmi saytına açıqlamasında bildirib ki, Şəmkirdə yüksək təşkilatçılıqla yanaşı, insanların şahmatı necə sevdiyini görüb: “Əgər gələn il yenidən Şəmkir turnirindən dəvət gəlsə, böyük məmnuniyyətlə razılaşaram. Çıxışıma gəldikdə, nəticədən razıyam. Son turda qələbəyə oynayırdım. Debüt uğurlu oldu və üstünlük qazandım. Sonra Karuananın vaxtla bağlı problemi yarandı. Belədə onun üçün mübarizə aparmaq çətinləşdi. İlk dövrənin sonunda bir qədər uğursuzluq oldu. Əsas odur ki, yarışı başladığım kimi başa vurdum. Ən vacibi sonda turniri 1-ci pillədə başa vurmağımdır”.

 

Karlsen “Shamkir Chess-2014”də hansı partiyalarda çətinlik çəkdiyinə də aydınlıq gətirib: “Əlbəttə, uduzduğum görüşlərdə. Karuana və Rəcəbovla ilk dövrədəki oyunlar çətin oldu. Nakamurayla asan mübarizə olmadı. İlk turda Sergey Karyakinlə heç-heçəmiz asan başa gəlmədi. Ümumilikdə, turnirin qalibi olduğuma görə şadam. Bu günlərdə bizə yüksək qonaqpərvərlik göstərdiklərinə görə hər kəsə minnətdaram. Azərbaycana gələndə demişdim ki, qələbəylə qayıtmaq istəyirəm. Belə də oldu”.