11:59 02-05-2014
news_image

“Kimsə zədələnə, anası xəstələnə bilər”

Ümumdünya Boks Seriyası (WSB) Liqasında Azərbaycanın “Baku Fires” və Qazaxıstanın “Astana Arlans” komandaları arasında yarımfinal mərhələsinin cavab görüşü ilə bağlı mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşmanın baş tutacağı Quba Olimpiya İdman Kompleksində keçirilən tədbirdə öncə hər iki klubun meneceri Rizvan Gənciyev və Bolat Mankenov komanda üzvlərini təqdim edib.

Görüşün supervayzeri Abdullah Bessalim bildirib ki, sabah azarkeşlər maraqlı döyüş izləyəcəklər. Onun sözlərinə görə, ilk görüş yüksək səviyyədə keçdiyindən cavab oyunu da gərgin mübarizəyə səhnə olacaq.

Ardınca boksçuların iştirakı ilə çəkiölçmə təşkil edilib.

Gənciyev döyüşün Qubada keçirilməsini üstünlük sayır: “Burada azarkeşləri daima bizə dəstək olur. İnanırıq ki, sabah da hər bir döyüşümüz anşlaq olacaq. Əlavə görüşün keçirilməsinə gəlincə, 6-cı görüş olsa, deməli baş tutacaq”.

“Baku Fires”in baş məşqçisi Nuripaşa Talıbov hər şeyin boksçulardan asılı olduğunu deyib. O bildirib ki, finala vəsiqə üçün yetirmələrinə inanır: “Təbii ki, onların hər birindən qələbə gözləyirik. 2:3 hesabı ilə uduzduğumuz ilk görüşdən sonra rəqib baş məşqçi Qazaxıstan mətbuatına 56 kq çəki dərəcəsində mübarizə aparan Qairbek Qermaxanovun qələbəsini şübhəli saysa da, bu, düzgün deyil. Çünki o həmin döyüşdə qalib gəlmişdi. Dərinliyə getsək hər bir görüşdə hakim səhvi vardı. Vatxı ilə biz də bu səhvlərdən əziyyət çəkmişik”.

Rəqibin baş məşqçisi Sergey Korçinski cavab qarşılaşmasını həlledici olduğu üçün məsuliyyətlərini dərk etdiklərini deyib. Onun sözlərinə görə, güclər bərabərdir: “Şanslarımız 50-nin 50-yədir. Sabah hər komandanın boksçuları həm kluba, həm də ölkəsinə xeyir gətirə bilər”.

O, heyətdə 3 boksçunun son anda dəyişməsinə də münasibət bildirib: “Biz burada şahmat oynamırıq. Dəyişikliklər olur. Çünki ilkin ərizəni 10 öncə sifariş edirik. Amma kimsə zədələnə, anası xəstələnə bilər. Həmçinin sevimli itinə də nəsə olması mümkündür”.

Korçinski 81 kq çəki dərəcəsində 3 boksçu gətirmələrini isə sevimli kollektiv olmaları ilə əlaqələndirib.

Rəqibin meneceri Mankenov da döyüşün çətin keçəcəyi qənaətindədir. Onun sözlərinə görə, bunun üçün hər bir azarkeş gərgin keçəcək qarşılaşmadan həzz alacaq.

İlk qarşılaşma 3:2 hesabı ilə başa çatdığından cavab görüşündə də eyni hesab qeydə alınacağı halda əlavə döyüşə ehtiyac olacaq. Bu çəkilərdə “Baku Fires”i Teymur Məmmədov, rəqibi Adilbek Niyazimbetov təmsil edəcək.

Niyazimbetov bildirib ki, həlledici qarşılaşmaya hazırdır: “Əlavə döyüş olsa buna tam hazıram. Komandamız güclüdür və özümə də inamım yüksəkdir”.

Məmmədov isə “Baku Fires”in finala çıxacağına inandığını deyib: “Ciddi hazırlaşmışam. Çalışacağam ki, komandamız finala çıxsın”.


Qeyd edək ki, “Baku Fires” – “Astana Arlans” görüşü sabah 19:00-da start götürəcək. Bakı təmsilçisinin heyətində Elvin Məmişzadə (52 kq) Süleyman İlyasovla, Albert Səlimov (60 kq) Samat Başenovla, Yevgeni Ramaşkeviç (69 kq) Manat Amirzakovla, Mixail Dolqolevets (81 kq) Hrvoje Seplə, Hacı Murtuzəliyev (+91 kq) Filip Hrqoviçlə gücünü yoxlayacaq. Əgər komandamız ilk qarşılaşmada uduzduğu hesabla qalib gələrsə (3:2) əlavə döyüş olacaq. Həmin qarşılaşmada Teymur Məmmədov (81 kq) Adilbek Niyazimbetovu sınağa çəkəcək.