19:24 02-05-2014
news_image

Taekvondoçumuz Avropa çempionu oldu

Bakıda keçirilən taekvondo üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının xəbərinə görə, yarışların ikinci günündə qüvvəsini sınayan 3 idmançımızdan biri mübarizəni dayandırıb.

 

Kişilər yarışında 58 kq çəki dərəcəsində Samir Cavadlı ilk görüşdə moldovalı Vadim Dmitrova uduzub. Radik İsayev (87 kq) isə mübarizəyə ikinci mərhələdən başlayıb. O, bu mərhələdə xorvatiyalı Nikolo Boyanı məğlub edərək, 1/4 finala vəsiqə qazanıb. İdmançımızın növbəti rəqibi Samuel Vestermark (İsveç) olub. İsayev bu görüşdə də qələbə qazanıb və yarımfinala çıxıb. Taekvondoçumuz yarımfinalda britaniyalı Lutalo Məhəmmədi məğlub edib. Nəhayət finalda Radik İsayev Fransa təmsilçisi N'Diaye M'Barla qarşılaşıb. Radik İsayev böyük üstünlüklə qələbə qazanaraq, Avropa çempionu olub. 

 

Qadınlarda Patimat Abakarova (49 kq) da ikinci mərhələdən yarışa qoşulub. O, ilk görüşündə Böyük Britaniyadan olan həmkarı Corciya Barnsı yenib. Amma növbəti mərhələdə rusiyalı Svetlana İqumenovaya məğlub olub.

 

Qeyd edək ki, dünən keçirilən yarışın ilk günündə kişilərdə Mikayıl Əliyev (54 kq) və Ceyhun Həsənli (+87 kq), qadınlarda isə Türkanə Tahirli (46 kq) və Səbinə Mikayılova (62 kq) mübarizəyə qoşulsalar da uğursuzluğa düçar olublar.