20:15 02-05-2014
news_image
417
DİGƏR NÖVLƏR

“Tour de France”ın mərhələ qalibi Azərbaycanda yarışacaq

 

Tanınmış almaniyalı velosipedçi Linus Gerdemann Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d'Azerbaidjan-2014” veloyürüşündə iştirak edəcək. Apasport.az saytının məlumatına görə, Cənubi Afrika Respublikasının “MTN-Qhubeka” Pro-Kontinental komandasının şərəfini qoruyan Gerdemannın adı ilkin siyahıda olmasa da, o son anda Azərbaycana gəlmək istədiyini bildirib.

 

Qeyd edək ki, Linus Gerdemann 2007-ci ildə “Tour de France” veloyürüşünün 7-ci mərhələsinin qalibi adını qazanmaqla liderə məxsus “sarı mayka”nı da ələ keçirməsi ilə velosiped aləmində kifayət qədər böyük nüfuz qazanıb. 2014-cü il mövsümündə “MTN-Qhubeka”nın uğurları üçün çalışan 31 yaşlı velosipedçi daha öncə Danimarkanın “CSC Saxo Bank”, ABŞ-ın “Leopard” və Almaniyanın “Milram” komandalarının da şərəfini qoruyub. O, 10 illik peşəkar velosipedçi karyerası ərzində “Tirreno-Adriatico”, “Tour de Suisse”, “Tour de l'Ain”, “Deutschland Tour”, “Bayern Rundfahrt” və “Tour de Luxembourg” kimi nüfuzlu yarışlarda da qələbələr qazanıb.