17:20 03-05-2014
news_image
1070
DÖYÜŞ NÖVLƏRİ

Taekvondoçularımız Avropa çempionatında daha 2 medal qazandılar - YENİLƏNİB

Bakıda keçirilən taekvondo üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu yarışının 3-cü günündə Azərbaycan millisinin daha 4 idmançısı mübarizəyə qoşulub. Onlardan Ramin Əzizov və Günay Ağakişiyeva çıxışlarını bürünc medalla bitiriblər. Bununla komandamızın aktivindəki mükafatların sayı 3-ə çatıb.

Kişilər
63 kq

Ayxan Tağızadə yarışla vaxtından əvvəl vidalaşıb. Həmyerlimiz ilk görüşündə macarıstanlı Norbert Sediqiyə qalib gəlsə də, ikinci qarşılaşmasında uğurunu davam etdirə bilməyib. O, Çamalidis Konstantinosa (Yunanıstan) məğlub olub.

80 kq
İlk görüşdən azad olan yığmamızın lideri Ramin Əzizov birinci qarşılaşmasında Maksim Dominişini (Ukrayna) sınağa çəkib. Döyüş həmyerlimiz üçün asan alınıb və dünya çempionatının mükafatçısı 1/4 finala vəsiqə qazanıb.
 
Təmsilçimiz bu mərhələdə türkiyəli Yunus Sarıya da gücünü göstərərək, yarımfinala adlayıb. Lakin Əzizov finala gedən yolda Damon Sansuma (Böyük Britaniya) uduzub və bürünc medalla kifayətlənib. 

Qadınlar
57 kq

Birinci mərhələdən azad olan Günay Ağakişiyeva ilk döyüşündə Edina Kotsisa (Macarıstan) qalib gəlib. Ardınca Darya Juravlevanı da (Rusiya) mübarizədən kənarlaşdıran həmyerlimiz Əzizov kimi yarımfinal səddini keçə bilməyib.
 
Ağakişiyevanı da Böyük Britaniya təmsilçisi məğlub edib. Jade Yones taekvondoçumuzdan güclü olub və təmsilçimiz Avropa çempionatını 3-cü yerdə başa vurub.

73 kq
Marina Tedeyeva ümidləri doğrultmayıb. O, ilk qarşılaşmasında Anjela Popoviçə (Çernoqoriya) qalib gəlsə də, ikinci döyüşündə Milika Mandiçə (Serbiya) uduzub.

Qeyd edək ki, Əzizov və Ağakişiyevadan öncə Radik İsayev (87 kq) Avropa çempionatını medalla bitirib. O, bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
 
Sabah başa çatacaq yarışda daha 4 taekvondoçumuz gücünü yoxlayacaq.