11:02 05-05-2014
news_image

“Baku Fires” finalda da qalib gəlmək istəyir” - MÜSAHİBƏ

“Baku Fires” klubunun meneceri Rizvan Gənciyevin apasport.az saytına müsahibəsi

 

- WSB liqasında mübarizə aparan “Baku Fires” yarımfinal mərhələsinin ilk görüşündə Qazaxıstanın “Astana Arlans” komandasına uduzmasına (2:3) baxmayaraq, ikinci matçda qələbə qazandı (4:1). Çətin keçən qarşılaşma barədə nə deyə bilərsiz?

- Komandamız rəqibə qarşı layiqli mübarizə apardı. Xarakter nümayiş etdirdilər. Qarşıda bizi çətin oyun gözləyir. İnanıram ki, layiqli çıxışımızı davam etdirəcəyik. Finala yüksəlməyimiz böyük tərəqqidir.

 

- “Baku Fires” tarixində ilk dəfə finalda döyüşəcək...

- İnşallah, finalda da qalib gələrik.

 

- Finalın Bakıda olacağı barədə məlumatlar var. Bu, rəsmiləşibmi?

- Hər şeyə bu həftə aydınlıq gələcək. Böyük ehtimalla həlledici görüşə Bakı ev sahibliyi edəcək.

 

- Həlledici matçda Kubanın “Cuba Domaderos” klubu ilə üz-üzə gələcəksiz. Həmin qarşılaşma bərədə fikirləriniz maraqlıdır...

- Rəqib çox güclüdür. Yarımfinal mərhələsinin cavab matçında Rusiya təmsilçisini 5:0 hesabı ilə məğlub ediblər. Bizə çox çətin olacaq, lakin qalib gəlməyə çalışacağıq.

 

- Finalda dünya çempionu Məhəmmədrəsul Məcidovu heyətdə görə biləcəyikmi?

- Məcidov hazır olsa çıxış edəcək. Barmağını zədələdiyi üçün bizə kömək edə bilmədi. Heyətimizdə +91 kq çəki dərəcəsində Aslanbek Mahmudov da var. Onların hansının heyətdə yer alacağına məşqçilər korpusu qərar verəcək. Yəni, kim yaxşı formada olsa, o da döyüşəcək. İndidən nəsə demək tezdir.

 

- “Astana Arlans”la qarşılaşmanın sonuncu - Hacı Murtuzəliyev - Filip Hrqoviç görüşü kifayət qədər həyəcanlı alındı. Həmin döyüşdə rəqib qələbə qazanıb, matçın taleyini əlavə qarşılaşmaya daşıya bilərdi. Maraqlıdır, görüşün getdiyi dəqiqələrdə əlavə döyüşün olacağını, Teymur Məmmədovun həlledici matça çıxacağını gözləyirdizmi?

- Biz əsas görüşdə qalib gələcəyimizə və əlavə görüşə ehtiyac olmayacağına ümid edirdik. Bu, belə də oldu.