16:27 06-05-2014
news_image
1816
DİGƏR NÖVLƏR

“Belə yüksək səviyyəli yarışın Azərbaycanda keçiriləcəyi xəyallarıma gəlməzdi”

Bu gün "Synergy Baku" kontinental velosiped komandasının “Tour d’Azerbaidjan-2014” veloyürüşü üçün təqdimat mərasimi və mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov ənənəvi təşkil olunan yarışın əhəmiyyətindən danışıb.

O bildirib ki, artıq 3-cü dəfə keçiriləcək veloyürüşün bu dəfə səviyyəsi daha da artıb. “Tour d’Azerbaidjan” Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyası üzrə olacaq: “Dünyada mövcud olan 17 pro-kontinental komandadan 8-i burada iştirak edir. Həmçinin, “Tour d`France”nin 2, “Vuelta” veloyürüşünün 1 qalibi veloyürüşə qatılacaq. Bütün bunlar sübut edir ki, turun səviyyəsi yüksəkdir”.

Ələkbərov sabiq SSRİ-də kifayət qədər tanınmış həmyerlimiz Aleksandr Averin və 2008-ci il “Tour de France”in qalibi olmuş ispaniyalı Karlos Sastrenin yarışda fəxri qonaq kimi iştirak edəcəyini diqqətə çatdırıb. O bildirib ki, veteran velosipedçimizin oğlu Maksim artıq "Synergy Baku"un üzvüdür: “Azərbaycan vətəndaşı olan Maksim Averinin komandamıza böyük faydası dəyəcəyinə inanıram”.

Vitse-prezident mayın 7-11-də baş tutacaq veloyürüşdə komandamızın və velosipedçilərimizin hədəflərini də açıqlayıb. Federasiya rəsmisi bildirib ki, hər bir idmançımızın qarşısına Azərbaycanı layiqincə təmsil etmək tapşırığı qoyulub: "Synergy Baku" son 1 ildə Azərbaycanı uğurla təmsil edib və idmançılarımız 15 dəfə fəxri kürsüyə qalxıb. Bunlar hamısı müsbət nəticələrdir. Hədəfimiz Azərbaycanı layiqincə təmsil etməkdir”.

Ələkbərov komandanın 6 üzvündən 3-ünün azərbaycanlı olacağını diqqətə çatdırıb. Onun sözlərinə görə, federasiya bununla kifayətlənmək fikrində deyil: “Velosipedçilərin daha da inkişaf etməsi üçün çalışırıq. Düşünürəm ki, idmançılarımız həm 2015-ci ildə Bakıda olacaq Avropa Oyunlarında, həm də 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Yay Oyunlarında Azərbaycanı layiqincə təmsil edəcəklər”.

Ələkbərov gələcəkdə veloturun əhatə dairəsinin də artacağını istisna etməyib. Növbəti illərdə Ağsu aşırımıda dağ yürüşünün də mərhələ yarışlarına salına biləcəyini diqqətə çatdırıb.

Turun texniki direktoru Albrext Reder artıq Azərbaycanın bu yarışı təşkil etməsində böyük təcrübə topladığını və bu dəfə də yüksək səviyyədə keçəcəyinə inandığını vurğulayıb. O yarışın statusunun artmasını və “Tour d`Turkey”lə eyni vəhdət təşkil etməsini federasiyanın əməyi kimi qiymətləndirib: “Azərbaycana çox güclü komandalar və velosipedçilər gəliblər. Dünyanın 22 ölkəsindən 25 komandanın heyətində 150 idmançı mübarizə aparacaq. Ən çox velosipedçi Avstraliyadan gəlib. Onlar yarışda 15, İtaliya və Rusiya 12 idmançı ilə təmsil olunacaqlar. Həmçinin 2012-ci və 2013-cü ilin qalibləri də buradadır”.

Albrext Reder iştirakçı ölkələr arasında Cənubi Afrika Respublikasının idmançılarının da şansını yüksək qiymətləndirib. O, həmin komandada “Tour d`France”nin sarı köynəyin sahibi - Linus Gerdemanın da olduğunu deyib.

Almaniyalı mütəxəssisin sözlərinə görə, təşkilatı işlər də əla səviyyədə başa çatdırılıb və böyük ümidlərlə gözəl nəticələr gözləyirlər: “Mərhələlərin keçiriləcəyi yollar tam hazırdır. Birinci və ikinci mərhələ güclü küləşlə müşayiət oluna bilər. Sonuncu mərhələ isə çox maraqlı olacaq. Velosipedçilər İçərişəhərlə belə tanış olacaqlar ki, bu da Azərbaycan üçün turizm baxımından nəzərə alınıb. Bir sözlə, 5 gün olacaq yürüş keyfiyyətlə bitəcək”.

Reder bu dəfə hər mərhələnin yekununda ən yaxşı azərbaycanlı üçün köynək nəzərdə tutulmadığını da deyib. Bu dəfəki yarışda yalnız turun yekununda ən yaxşı həmyerlimiz seçiləcək.

Onun sözlərinə görə, yarışın kateqoriyasının qalxmasında Azərbaycanda yarışların yüksək səviyyədə təşkil olunması böyük rol oynayıb: “6 həftə öncə UCİ mütəxəssisləri Azərbaycana gəldilər və işlərin gedişi ilə tanış olduqdan sonra səviyyənin qalxmasını təsdiq etdilər”.

Ardınca "Synergy Baku" komandasının təqdimat mərasimi olub. Klubumuzun üzvlərindən Elçin Əsədov bildirib ki, hədəfi ən azı bir mərhələnin qalibi olmaqdır: “Belə yüksək səviyyəli yarışın Azərbaycanda keçiriləcəyi 3-4 il öncə xəyallarıma da gəlməzdi. Məqsədim mərhələlərdən birində fəxri kürsüyə qalxmaqdır və bunun üçün çalışacam”.

Onun komanda yoldaşı Samir Cəbrayılov da gənc velosipedçilər nəslinin yetişdiyini və "Synergy Baku"nun uğurlu çıxışına inam ifadə edib.

Velosipedçimiz Markus Eybeger özünün və komandasının yaxşı formada olmasını söyləyib. Onun sözlərinə görə, “Tour d`Azerbadjan” "Synergy Baku" üçün ən əhəmiyyətli yarışdır: “Ümid edirəm ki, təsnifat mərhələsində də ən yaxşı yerlərdən birini tutacağıq. Komandamız öz azarkeşlərini bu yarışda da sevindirəcək”.

Metyu Bremmier velosiped turunu ilk növbədə taktiki yarış adlandırıb. O öz təcrübəsi hesabına komanda yoldaşlarına kömək edə biləcəyini və komandamızın gənc üzvlərini arxasınca apara biləcəyini vurğulayıb.

Maksim Averin nəticələrini ilbəil yaxşılaşdırdığını və Bakı təmsilçisinin uğurları üçün çalışacağından məmnun qaldığını bildirib. Onun sözlərinə görə, komandamızın uğuru üçün bütün gücünü ortaya qoyacaq.

Aleksandr Surutkoviç isə mübarizənin gərgin keçəcəyi və finiş xəttinə kimi ciddi mübarizənin davam edəcəyi qənaətindədir.

Komandamızın baş meneceri David Makkuvayd 18 ay öncə yaradılan "Synergy Baku"nin uğurları barədə danışıb. Nailiyyətlərin hələ qarşıda olduğunu diqqətə çatdıran mütəxəssis daima inkişafda olduqlarını dilə gətirib: “Bir çox məsələləri həll edib, gənc nəslin inkişafına şərait yaratmışıq. Əsas məqsədimiz gənc velosipedçilər yetişdirməkdir. Əgər biz indidən Pro yarışlarına can atsaq, gənclər kənarda qalacaq. Ola bilsin, 2-3, hətta 10 ildən sonra pro yarışlarında tam güclü heyətlə çıxış edək”.

Azərbaycanın sabiq SSRİ dönəmində ən tanınmış velosipedçisi Aleksandr Averin də yarışı yüksək qiymətləndirib və komandamıza inandığını deyib. O oğlunun da yarışda layiqincə iştirakına inanır.

“Synergy Baku”nun idman direkoru Ceremi Hant yaxşı volesipedçilərimizin olduğunu və veloyürüşə yaxşı hazırlaşdıqlarını söyləyib. Onun sözlərinə görə, komandamızdan ümidverici nəticələr gözləyirlər.

Qeyd edək ki, yarışın 1-ci mərhələsi sabah saat 10:30-da Dövlət Bayrağı Meydanından start götürəcək və Sumqayıt şəhərində başa çatacaq.