14:00 11-05-2014
news_image
557
DİGƏR NÖVLƏR

Sahib Ələkbərov “Tour d’Azerbaidjan-2014”ü dəyərləndirdi

“5 günlük mübarizədən sonra hamı müəyyən qədər yoruldu. Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) adından hər bir komandaya, fəxri qonaqlara və iştirakçılara dərin minnətdarlığımızı bildiririk”. Apasport.az saytının məlumatına görə, bunu AVİF-in vitse-prezidenti Sahib Ələkbərov “Tour d’Azerbaidjan-2014” veloyürüşün yekunu ilə bağlı keçirilən mətbuat konfransında deyib.

 

Qurum rəsmisi “Tour d`Azerbaidjan-2014”ün 5 mərhələsini dəyərləndirərək bildirib ki, yarış uğurla başa çatıb: “Hesab edirəm ki, bu veloyürüşü itkisiz, heç bir zədə olmadan başa vurduq. Bunun üçün köməyi olan hər bir kəsə öz təşəkkürümü bildirirəm. Azərbaycanda bütün idman növlərini inkişafı üçün hər bir şərait var və buna dövlət dəstəyi yüksəkdir”.

 

Yarışın Təşkilat Komitəsinin prezidenti velosiped idman tariximizdə ilkə imza atdıqlarını da deyib. Onun sözlərinə görə, turun son mərhələsinin 1,5 saatının “Eurosport” kanalı vasitəsi ilə canlı göstərilməsi və bütün dünyanın bunu izləməsi birinci dəfə məhz “Tour d`Azerbaidjan-2014”də reallaşıb.

 

Vitse-prezident ənənəvi olan yarışın ildən ilə inkişaf edəcəyini və daha yaxşı keçiriləcəyi istiqamətində çalışacaqlarını vurğulayıb. O bildirib ki, Azərbaycanda artıq yeni gənc velosipedçi nəsli də yetişməkdədir: “Bu yarışda Samir Cəbrayılov sübut etdi ki, Azərbaycanda velosiped idmanının gələcəyi parlaqdır”.