13:33 16-05-2014
news_image
396
DİGƏR NÖVLƏR

AVİ prezidenti Azərbaycana məktub yazdı

Avropa Velosipedçilər İttifaqının prezidenti (AVİ) David Lappartien Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2014” veloyürüşünün yüksək təşkilatçılığı və uğurla başa çatması münasibətilə Azərbaycan Velosiped İdmanı Federasiyasına (AVİF) məktub ünvanlayıb. Apasport.az saytının məlumatın görə, AVİF prezidenti Fazil Məmmədovun adına gələn məktubda turun uğurla keçirildiyi və qitə qurumunda xoş təəssürat yaratdığı vurğulanıb.

 

“Avropa Velosipedçilər İttifaqı adından Sizi “Tour d’Azerbaidjan-2014” veloyürüşünün yüksək təşkilatçılığı münasibətilə təbrik edirəm. Nəzərinizə çatdırmaq istəyirəm ki, qurumun baş katibi Enriko de la Kassa və onu müşayiət edən texniki komissiya xüsusən yarışın mayın 11-də paytaxt Bakıda keçirilən son mərhələsi ilə bağlı hazırladığı raportunda İçərişəhər marşrutu ilə bağlı xüsusi qeydlər edib və ən xoş təəssüratlarını bölüşüblər” – deyə, məktubda bildirilir.

 

AVİ-nin texniki komissiyası “Bakı-2015”in Təşkilat Komitəsi ilə məsləhətləşmələr apardıqdan sonra gələn il keçiriləcək ilk Avropa Oyunlarının marşrutu ilə bağlı ətraflı məruzə hazırlandığı qeyd olunub: “Eurosport” kanalı ilə gördüklərimizə əsasən, Bakının həm müasirlik, həm də tarixilik baxımından gözəlliyinin bir daha şahidi olduq. Xüsusən, İçərişəhər, Şirvanşahlar Sarayı və Qız Qalası Bakının çoxəsrlik tarixə malik olduğunu bir daha sübut edir.

 

“Tour d’Azerbaidjan-2014” veloyürüşünün son mərhələsinin “Bakı-2015” ilk Avropa Oyunlarının velosiped yarışlarının keçiriləcəyi yollar boyunca təşkili olduqca müsbət haldır və bütün iştirakçılar Bakını daha yaxından tanımaq imkanı qazanıblar. Əminəm ki, 2015-ci ildə keçiriləcək ilk Avropa Oyunları ən yüksək səviyyədə təşkil olunacaq və iştirakçılar Bakıdan xoş təəssüratlarla ayrılacaqlar. Bir daha öz dərin hörmət və ehtiramımı sizə bildirir və ən xoş arzularımı çatdırıram”.