11:38 19-05-2014
news_image

Azərbaycan idmançısı Asiyanın ən reytinqli yarışında - FOTO

Azərbaycanı və "Qəbələ" İdman Klubunu MMA idman növündə beynəlxalq döyüşlərdə təmsil edən Bəxtiyar Abbasov Asiyanın ən reytinqli yarışı olan "One Fighting Championship" turnirində ilk döyüşünü keçirəcək. Apasport.az saytının xəbərinə görə, 2014-cü ilin martından bu yarışa qatılan və təşkilatçılar tərəfindən qəbul olunan idmançımız mayın 30-da Sinqapurda debüt edəcək.

 

Həmin gün Asiya ölkəsinin “Singapore Indoor Stadium” arenasında 10 döyüş keçiriləcək. Günün əsas qarşılaşması isə yarımorta çəki dərəcəsində olacaq. Təmsilçimiz Abbasov burada Ben Askrenlə rinqə çıxacaq.

 

5 ildən artıqdır MMA döyüşlərində yer alan 28 yaşlı Abbasov 14-cü dəfə qüvvəsini sınayacaq. Abbasovun aktivində ilk raundda qələbə qazandığı 13 döyüşü var.  177,8 sm boya malik idmançımız 2011-ci ilin dekabrında ProFC - Grand Prix Global Finals turnirində Laslo Solteş üzərindəki qələbəsindən sonra ProFC kəmərini qazanıb.

 

Abbasov az sonra Şərqi Avropa ECSF - MMA Grand Prix turnirində fransalı Youness Mikiss üzərində qələbə əldə edib. Abbasov 2013-cü ildə CWFC 58 - Cage Warriors Fighting Championship çərçivəsində MMA-nın ən təcrübəli döyüşçülərindən olan braziliyalı Şarl Andradeni məğlub edib.

 

Abbasov PROFC-GPG çempionu, pankration üzrə dünya çempionu, döyüş sambosu üzrə dünya çempionu, sambo üzrə dünya çempionu, ciu-citsu üzrə dünya çempionu, əlbəyaxa döyüş üzrə dünya çempionu, sambo üzrə Dünya kubokunun qalibi, döyüş sambosu üzrə Avropa çempionu, sambo üzrə Azərbaycan çempionu, cüdo üzrə Azərbaycan çempionu kimi titullara sahibdir. O, beynəlxalq dərəcəli idman ustasıdır. 

 

İdmançımızın rəqibi Askrenin 29 yaşı var. 178 sm boya malik amerikalı MMA döyüşlərində 4,5 illik təcrübəyə malikdir. Askren Bellator titulunu qorumaq uğrunda Andrey Koreşkovla döyüşündən sonra ilk dəfə rinqə çıxacaq. Həmin döyüşdə isə amerikalı texniki nokautla qalib gəlməklə titulunu qorumuşdu. Buna qədər isə o, ardıcıl 6 döyüşdə qalib gəlmişdi. Onun hesabında Karl “Psixo” Amossu, Duqlas Lima, Cey Heyron, Laymon Qud və Den Hornbakl kimi döyüşçülər üzərində qələbələr var. Askren 2008-ci ildə Çində keçirilən Yay Olimpiya Oyunlarında sərbəst güləş növündə ABŞ-ı təmsil edib. O, 2009-cu ildə qrepplinq üzrə dünya çempionu tituluna sahib olub. 

 

"One Fighting Championship" Asiyanın ən böyük promouter kontorudur. 2011-ci ilin iyulunda yaradılan qurum Sinqapurda qərarlaşıb. Həmin ilin sentyabrında ilk döyüşlərini təşkil edən qurum 2 ildən artıq müddətdə Asiya MMA döyüşlərini yeni səviyyəyə qaldırmağa müvəffəq olub. 

 

Qeyd edək ki, sabah döyüşlə bağlı Bəxtiyar Abbasovun iştirakı ilə mətbuat konfransı keçiriləcək.